İQTİSADİYYAT


“AzInTelecom” MMC və “Oracle” şirkəti tərəfdaş olub

Bakı, 19 may, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ABŞ-ın məşhur “Oracle” beynəlxalq texnologiyalar korporasiyası ilə tərəfdaş olub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tərəfdaşlığa əsasən, “AzInTelecom” Azərbaycanın orta və böyük biznes seqmenti üçün digər rəqəmsal həllərlə yanaşı, “Oracle” məhsulları da təqdim edəcək.

Rəqəmsal transformasiya fonunda genişlənən məlumat toplusunun analizinin çətinləşməsi, məlumatların emalı zamanı yaranan vaxt itkisi qərar qəbuletmə və manevr imkanlarını məhdudlaşdırır. “Oracle” şirkətinin təqdim etdiyi həllər məhz bu kimi problemləri aradan qaldırmağa imkan yaradır. Böyük həcmli verilənlərin emalı üçün dünyada ən qabaqcıl həlləri təklif edən şirkətin məhsulları ölkəmizdə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.

“Oracle” məhsullarından istifadə qurumlara iş səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradacaq. Məlumatların emalının effektivliyini daha da artırmaq məqsədilə şirkətin sektorlar üzrə həllər paketi də mövcuddur. Bu özəllik qurumların informasiya sistemlərinin “Oracle” həllinə daha operativ şəkildə inteqrasiyasını mümkün edir.

Bulud xidmətləri, beynəlxalq səs trafiki, rəqəmsal biznes həllər və mərkəzləşdirilmiş informasiya sistemləri üzrə xidmət göstərən “AzInTelecom” MMC-nin “Oracle” şirkəti ilə tərəfdaşlığı yeni imkanlara yol açacaq.

“Hökumət buludu”na Keçid Planına əsasən, informasiya sistemləri “AzInTelecom”a məxsus “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş qurumlar üçün bu tərəfdaşlığın növbəti mərhələsi daha səmərəli olacaq. Belə ki, məlumatların toplanması, emalı və çevik qərar vermə prosesinin təmini lisenziyalı və təhlükəsiz proqram təminatından əlavə yüksək peşəkar kadrların, ciddi vəsaitlərin cəlbini tələb edir. “Hökumət buludu”na Keçid Planının məqsədlərindən biri də məhz informasiya texnologiyalarına çəkilən xərclərin optimallaşdırılmasıdır. “AzInTelecom” MMC və “Oracle” arasındakı tərəfdaşlıq “AZCLOUD” Data Mərkəzinə miqrasiya etmiş qurumlar üçün “Oracle” həllərinin daha optimal vəsaitlə əldə edilməsinə şərait yaradacaq.

Bu əməkdaşlıq Azərbaycanda yeni, lakin böyük tələbat olan məlumat emalı istiqamətinin inkişafına, bu sahə üzrə mütəxəssislərin yetişməsinə, eləcə də böyük həcmli verilənlərin emalı üzrə ən qabaqcıl təcrübəni mənimsəməyə şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.