ELM VƏ TƏHSİL


AzMİU-da Mehdi Hüseynzadənin xatirəsi anılıb

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının təşəbbüsü ilə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş igid partizan, leytenant Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, yubiley mərasimində universitetin professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli tədbirin dövlətimizin başçısının “Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 23 iyun tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib.

Sonra tədbir iştirakçıları Mehdi Hüseynzadənin qısa və şərəfli ömür yolundan, başçılıq etdiyi partizan qrupu ilə birlikdə apardığı kəşfiyyat əməliyyatlarından bəhs edən filmə baxıblar.

Filologiya elmləri doktoru, professor Vüqar Əhməd qəhrəmanın ədəbi yaradıcılığından söz açıb, onun döyüş yolu ilə yanaşı, şair kimi yaradıcılığının ədəbiyyatşünaslar tərəfindən tədqiq olunmasının vacibliyini qeyd edib. Hərbi jurnalist Şəmistan Nəzirli Mehdi Hüseynzadə haqqında tarixi sənədlərin bərpasında, arxivlərdə yer alan gizli sənədlərin tapılaraq araşdırılma mövzusuna çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Tədbirdə AzMİU-nun əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Mehdi Hüseynzadənin yaradıcılığında yer alan “Tərlanım” , “A dost”, “Dəli ceyran” şeirlərini, eləcə də görkəmli şairlərin qəhrəmana ithaf olunmuş şeirlərini söyləyiblər.

Tədbirdə VI muğam müsabiqəsinin Qran-Pri mükafatı qalibi Almaxanım Əhmədli Mehdi Hüseynzadənin sözlərinə yazılmış musiqi parçaları ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.