İQTİSADİYYAT
“AzerGold” QSC-nin nümayəndələri “MATSA” mədəni ilə tanış olublar
Bakı, 6 mart, AZƏRTAC
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Xəyyam Fərzəliyevin rəhbərliyi ilə nümayəndə heyəti dünya bazarında ən böyük özəl metal tədarükçüsü olan “Trafigura” şirkətinin dəvəti əsasında İspaniya Krallığında səfərdə olub.
QSC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd “MATSA” (Minas de Aguas Teñidas) yatağı ilə tanışılıq, dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyanın öyrənilməsi və işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.
Səfər çərçivəsində Huelva şəhərində yerləşən “MATSA” mədəninə baxış keçirilib, mis, sink və qurğuşun konsentratlarının istehsal prosesi izlənilib. Cəmiyyətin nümayəndələri daha sonra şirkətin dağ-mədən sahəsində mövcud maddi-texniki bazası, eləcə də fabrik və laboratoriyada yaradılan şəraitlə tanış olublar. Keçirilən ikitərəfli görüşdə “MATSA” polimetal yatağının Balakən rayonunda yerləşən “Filizçay” yatağı ilə oxşar cəhətlərə malik olduğu bildirilib. Qeyd olunub ki, bu yataq filiz ehtiyatlarının həcminə görə Avropanın ən iri yataqlarındandır və dünya üzrə polimetal yataqlarının ilk onluğuna daxildir. “AzerGold” QSC-nin bu yatağı yaxın gələcəkdə istismara verəcəyini nəzərə alaraq “Trafigura” şirkəti ilə işgüzar əlaqələrin genişləndirilməsinin səmərəli əməkdaşlıq üçün mühüm töhfələr verə biləcəyi vurğulanıb.
Qeyd edək ki, “Trafigura” dağ-mədən sahəsilə yanaşı, karbohidrogen məhsullarının satışı və logistika sahəsində də fəaliyyət göstərir. Şirkətin mədənçilik qanadı olan “Trafigura Mining Group” mədən əməliyyatlarını idarə edir, əlvan metal filizi yataqlarının öyrənilməsi, geoloji kəşfiyyat, mövcud və potensial layihələrin texniki auditi ilə məşğul olur. Müəssisənin ən böyük mədən sahəsi olan “MATSA” yatağının istismarına 1997-ci ildə başlanılıb. Hasilat Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala” intevestiya şirkəti ilə birgə fəaliyyət çərçivəsində aparılır.