MƏDƏNİYYƏT


Azərbaycan 3-cü Sanya beynəlxalq mədəni sənaye sərgisində təmsil olunur VİDEO

Sanya, 16 noyabr, AZƏRTAC

Çin Xalq Respublikasının Xaynan vilayətinin Sanya şəhərində 3-cü Sanya beynəlxalq mədəni sənaye sərgisi keçirilir.

AZƏRTAC xəbər verir ki, müxtəlif xalqlar arasında mədəni mübadiləni təşviq etməklə, ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyan tədbirdə bir neçə ölkə iştirak edir.

Mədəniyyət Nazirliyinin və ölkəmizin Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan bu beynəlxalq tədbirdə yüksək səviyyədə təmsil olunur.

Sərginin açılış mərasimində çıxış edən Sanya şəhərinin meri A Dun tədbirin rəhbərlik etdiyi şəhər ilə iştirakçı ölkələr arasında mədəni sahədə münasibətlərin inkişafı, bunun sayəsində isə qarşılıqlı turist səfərlərinin çoxalmasına təkan verəcəyinə ümid etdiyini deyib.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edərək, tarixi İpək yolunun bu münasibətlərin yaranması və inkişafındakı rolunu vurğulayıb. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün təkcə iqtisadi və nəqliyyat sahələrini deyil, həm də humanitar və mədəni istiqamətdə də əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran diplomat əlavə edib ki, Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən biridir. Bildirib ki, hazırda iki ölkə arasında əlaqələr dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir.

Ölkələrimiz arasında münasibətlərin inkişafında mədəni sahədə əməkdaşlığın rolunu vurğulayan Ə.Zeynallı, Azərbaycan dövlətinin Çin ilə bu sahədə də münasibətləri genişləndirmək əzmində olduğunu deyib. O, Çin turistlərinin qədim İpək yolu üzərində yerləşən, zəngin mədəni irsi və gözəl təbiəti olan Azərbaycana səfərlərinin xalqlar arasında mübadilənin dərinləşməsinə töhfə verəcəyini deyib. Çin vətəndaşları üçün tətbiq olunan sadələşdirilmiş viza rejimi, Pekin və Urumçi şəhərləri ilə Bakı arasında birbaşa aviasiya əlaqəsi çinli turistlərin Azərbaycan daha rahat səfər etmələrinə imkan yaradır. Bu cür səfərlər iki xalq arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək.

Tədbir çərçivəsində “Bir kəmər, bir yol” ölkələrinin qeyri-maddi mədəni irsinin nümayişinə aid sərgidəki Azərbaycan stendində ölkəmizin mədəni irsi, tarixi keçmişi, müasir inkişafına dair müxtəlif nəşrlər, fotolar yer alıb. Stenddə quraşdırılmış ekranda Azərbaycan mədəniyyətinə və turizm potensialına aid videoçarxlar nümayiş olunur. Xalq dekorativ tətbiqi sənət ustalarının hazırladıqları müxtəlif əl işləri yarmarka iştirakçılarının diqqətini cəlb edib. Azərbaycan əl işlərinin hazırlanması üsulları interaktiv formada iştirakçılara nümayiş etdirilir.

Açılış mərasimində və sərgi günlərində Dövlət Mahnı və Rəqs Ansamblının üzvləri milli rəqslərimizi təqdim ediblər.

Sərgi çərçivəsində beynəlxalq mədəniyyət və iqtisadi turizm forumu keçirilib. Forumun panel müzakirələrində səfir Əkrəm Zeynallı iki ölkənin turizm sahəsində əməkdaşlığı barədə danışıb, sualları cavablandırıb.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Vüqar Şixəmmədov forumda təqdimatla çıxış edərək, ölkəmizin tarixi, coğrafiyası, milli mədəni irsi, İpək yolu üzərində əhəmiyyətli mövqeyi barədə danışıb. Xalqımızın mədəni irsi barədə məlumat verən V.Şixəmmədov bildirib ki, Azərbaycanın 11 nümunəsi UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycanın beynəlxalq mədəni marşrutlara daxil edilməsi üçün böyük perspektivləri var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Sanya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.