Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini möhkəmləndirir – RƏY
AzerTAg.az

Bakı, 4 fevral, AZƏRTAC
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı Azərbaycanın artan nüfuzu və müasir beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinin göstəricisidir. Aydındır ki, Avropa üçün alternativ enerji təchizatçısı tapmaq mümkünsüz deyil, xüsusən Yaxın Şərq və Orta Asiyada ciddi mənbələr Qoca qitənin tələblərini tam ödəyə bilər. Lakin Avropa üçün alacağı enerji resursunun özündən daha əhəmiyyətlisi tərəfdaşının etibarlılığı və təchizatçı regionda sabitliyin dayanıqlı olmasıdır. 20 ilə yaxın dövrdə Prezident İlham Əliyevlə birbaşa təmaslar Avropada Azərbaycan Liderini sözü və imzası bir şəxsiyyət kimi tanıdıb. Eyni zamanda, hətta müharibə şəraiti belə Azərbaycanın neft-qaz təchizatçısı kimi heç bir öhdəliyinə maneə yarada bilmədi. Şəxsən dövlətimizin başçısı İlham Əliyevin nail olduğu daxili stabillik isə möhkəm təməl əsasında qurulub və Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı bütövlükdə daxildə hər hansı təhdid yoxdur.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.
Onun sözlərinə görə, ən vacibi isə Azərbaycan müstəqil iradə sahibidir, yəni, sərvətləri üzərində 2-3-cü tərəflər yox, konstitusion formada təsbit olunduğu kimi Azərbaycan Respublikası özü qərar sahibidir.
“Sirr deyil ki, Rusiya ilə dərinləşən qütbləşmə və artan gərginlik fonunda Avropa İttifaqı enerji təhlükəsizliyi böhranı yaşayır. Yuxarıda sadalanan amillər, o cümlədən Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət nəticəsində formalaşan etibarlı tərəfdaş imici, zəngin ehtiyatlar və yaradılan şaxələndirilmiş enerji infrastrukturu bu mənada Azərbaycanı Avropa üçün ən optimal ümid yerinə çevirir. Mövcud əməkdaşlıq formatı isə Azərbaycanı Avropa İttifaqı və Birliyə daxil olan ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyi, bununla da milli təhlükəsizliyində söz sahibinə və ciddi təsir imkanlarına malik qütbə çevirir”, - deyə Bəhruz Məhərrəmov bildirib.
O qeyd edib ki, Azərbaycanın imici Avropanın təhlükəsizliyində artan söz sahibi olması ilə bağlı İttifaq ölkələrində hər hansı narahatlıq yaranmasının qarşısını alır. Əksinə, Mərkəzi Avropa və Balkan ölkələrinin rəhbərləri Prezident İlham Əliyevə güvəndiklərini açıq mətnlə ifadə edərək bu formatın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə edirlər.
Azərbaycanın isə milli maraqları rəhbər tutaraq bütün dünya dövlətləri ilə sülh şəraitində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran deputat deyib: “Bu mənada Azərbaycan Prezidentinin Avropada son təmasları, xüsusən Bolqarıstan, Rumıniya və Macarıstana səfərləri, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının davamı kimi Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının Bakıdakı iclasları proseslərin Azərbaycanın iradəsi və arzusu daxilində inkişaf etdiyini göstərir.
Bir sözlə, 30 il əvvəl özünün müstəqilliyi sual altında olan Azərbaycan bu gün Avropa dövlətlərinin müstəqillik və suverenliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini getdikcə möhkəmləndirməkdədir və elə yalnız bu fakt özü Heydər Əliyev siyasi kursunun bütövlükdə region üçün alternativsiz olduğunu göstərməkdədir”.
Xəbərin mətnində orfoqrafik səhv var