İQTİSADİYYAT
Azərbaycan Beynəlxalq Bankı “ELkart” kredit kartını təqdim edib
Bakı, 17 dekabr, Samirə Quliyeva, AZƏRTAC
Dekabrın 17-də Azərbaycan Beynəlxalq Bankı (ABB) hissə-hissə ödəniş imkanlı “ELkart” kredit kartını təqdim edib.
ABB-nın baş direktoru Elmir Həbibullayev məlumat verib ki, “ELkart” sahibləri satış nöqtələrində mal və xidmətlərin dəyərini hissə-hissə ödəmək, kartda olan vəsaiti xüsusi günlərdə nağdlaşdırmaq və ABB-nın yeni məhsulunun malik olduğu bir sıra fərqli imkanlardan istifadə edə biləcəklər.
“ELkart” taksit kartı “Visa Classic” və “Mastercard Standard” tipli kartların bazasında hazırlanıb və “VİSA Pay Wave” və “Mastercard Paypass” xidmətləri ilə təmin edilib. Bankın tərəfdaşlar şəbəkəsində quraşdırılmış POS-terminallar kontaktsız kartların qəbulu üzrə proqramlaşdırılıb.
Kart, öz növbəsində, geniş tərəfdaşlar şəbəkəsində məhsul və xidmətlərin dəyərini hər növbəti ayın 10-dək hissə-hissə ödəmək imkanı verir. Taksit kartı respublikadan kənarda fəaliyyət göstərən ticarət müəssisələrində də keçərlidir, bu zaman məbləğ hissələrə bölünmür və müştəriyə güzəşt müddəti verilmir.
ABB bu gün “ELkart” layihəsi çərçivəsində Bakı və regionlarda müxtəlif sahələrdə hər növ əhali seqmentinə xidmət göstərən minə yaxın ticarət müəssisəsi ilə əməkdaşlıq edir. Bu ticarət müəssisələrinin sayı davamlı olaraq artmaqdadır.
“ELkart” taksit kartının rəsmi internet səhifəsi olan www.elcard.az bu gündən istifadəyə verilib.