SİYASƏT
Azərbaycan-Bolqarıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 11-də Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov bu cür görüşlərin ikitərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar münasibətlərin gücləndirilməsində önəmli rol oynayır. İqtisadi, ticarət, energetika, mədəni sahələrdə əməkdaşlığımız dinamik inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsini yüksəltmək üçün geniş imkanlar mövcuddur.
Ziyafət Əsgərov bildirib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində parlamentlərin rolu böyükdür. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının əməkdaşlığı təcrübə və informasiya mübadiləsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, deputatlardan ibarət nümayəndə heyətlərimizin nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyəti təqdirəlayiqdir.
Diqqətə çatdırılıb ki, ölkəmizdə gedən quruculuq işləri, müşahidə olunan yüksək tərəqqi ilə yanaşı, yerləşdiyimiz bölgənin təhlükəsizliyini təhdid altında saxlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması bizi çox narahat edir. Problemin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi, digər beynəlxalq qurumların qəbul etdiyi qərarlar mövcuddur. Bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz işğal olunmuş torpaqlardan çıxarılması qeyd olunur, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı dəstəklənir. Lakin təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfi bütün bu sənədlərə məhəl qoymur, öz işğalçılıq siyasətini davam etdirir.
Bolqarıstan Respublikası xarici işlər nazirinin müavini Yuri Şterk Azərbaycanda keçirdiyi görüşlər, aparılan müzakirələr barədə danışıb. O, ölkələrimiz arasında nəqliyyat, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın vacibliyini vurğulayıb.
Bildirilib ki, Bolqarıstan Azərbaycanla münasibətlərin inkişafına böyük maraq göstərir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız yüksək səviyyədədir. Qarşılıqlı faydalı əlaqələrin inkişafında qanunverici orqanlar arasında əməkdaşlıq xüsusi önəm daşıyır. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi çox əhəmiyyətlidir.
Qonaq Dağlıq Qarabağ məsələsində Bolqarıstanın mövqeyinin dəyişməz olduğunu söyləyib. Ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmazlığı prinsipi əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib, bu istiqamətdə keçirilən yüksək səviyyəli görüşləri, aparılan danışıqları alqışladıqlarını deyib.
Sonra iki ölkə arasında münasibətlərin genişləndirilməsi, əməkdaşlığın inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.