ELM VƏ TƏHSİL


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Birlik” sərgisi açılıb  YENİLƏNİB

Bakı, 22 may, P.İmanova, AZƏRTAC

Mayın 22-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Birlik” adlı beynəlxalq sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində ADRA-nın prorektoru, professor Fuad Salayev sərginin akademiyanın və ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə reallaşdırıldığını söyləyib. Qeyd edib ki, ADRA muzey-sərgi kompleksinin dünyanın bir sıra peşəkar nüfuzlu rəssamlarının, o cümlədən həvəskar rəssamların sərgisini birlikdə təşkil etməkdə əsas məqsədi “Saf rənglər” VI beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməyə təşəkkür xarakteri daşıyır. Bu sərginin təşkili dörd ildir ənənəyə çevrilib.

ADRA-nın prorektoru Azad Zeynalov sərgidə peşəkar rəssamlarla yanaşı, həvəskar rəssamların da əsərlərinin nümayiş etdirilməsinin sevindirici hal olduğunu söyləyib.

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad əl-Şuveyli, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir, “Kainat” Gənclər Mərkəzinin rəhbəri Rahib Rəsulzadə sərginin yüksək səviyyədə təşkilinə görə ADRA-nın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, sərgiyə Azərbaycanla yanaşı, digər dövlətlərdən də rəssamların qatılması ölkələrimiz arasında birliyin və dostluq münasibətlərinin bariz nümunəsidir.

Tədbirdə sərgi barədə məlumat verilib. Bildirilib ki, 2013-cü ildə ADRA-nın təşəbbüsü ilə təsis edilən “Saf rənglər” festivalı Azərbaycanın ictimai həyatında, uşaq və yeniyetmələrin dünya mədəni əməkdaşlıq sisteminə inteqrasiyası prosesində diqqətçəkən hadisə olub. Festivalın beynəlxalq miqyasda tanınması son beş ildə nəzərəçarpacaq dərəcədə artıb, coğrafi dairəsi genişlənib. Bu il müsabiqədə 42 ölkədən uşaq və yeniyetmə iştirak edir. Azərbaycandan 23 studiya və məktəbdən ümumilikdə 720 iştirakçı 1069 rəsm işi təqdim edib. Hər bir ölkə və studiya, ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq sərgi üçün ən parlaq nailiyyətlərini göstərən rəsm işlərini təqdim ediblər.

Diqqətə çatdırılıb ki, bugünkü beynəlxalq sərgidə Rusiya, Misir, İran və İraqdan olan rəssamlar Natalya Kornetova, Heba Xurşud, Şirin Bağçi, Zainab Fadhal Avad Al Şuvaili və digər qonaqların əsərləri nümayiş olunur. Həmçinin ölkəmizdə tanınan azərbaycanlı rəssamlar Cəlal Ağayev, Esmeralda Tağızadə və başqalarının əsərləri sərgilənir. Sərgidə ümumilikdə 50-dən çox əsər yer alıb.

“Birlik” beynəlxalq sərgisi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.