İQTİSADİYYAT


Azərbaycan GUAM-ın Nəqliyyat üzrə işçi qrupunun iclasında təmsil olunub

Bakı, 1 iyun, AZƏRTAC

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) Nəqliyyat üzrə işçi qrupunun növbəti – 17-ci iclası COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib. Üzv ölkələrin aidiyyəti qurumlarının rəsmilərinin qatıldığı videotədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Xarici İşlər, İqtisadiyyat nazirlikləri və “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri təmsil ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə regional logistik platformanın yaradılması konsepsiyası, GUAM Nəqliyyat Dəhlizinin inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD) ilə əməkdaşlıq mövzuları müzakirə predmeti olub.

İclas iştirakçılarına ölkəmizdə COVID-19 pandemiyasının sosial-iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində nəqliyyat sektorunda həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın təsis etdiyi beynəlxalq regional təşkilat olan GUAM-a bu il ölkəmiz sədrlik edir. Azərbaycanın sədrliyinin prioritetləri kimi təşkilat çərçivəsində nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələləri, vacib əməkdaşlıq istiqamətləri olaraq kiçik və orta sahibkarlıq, energetika, turizm və bir neçə digər sahələr qəbul edilib. Koronavirus pandemiyası səbəbindən Azərbaycanın təşkilatda sədrliyi çərçivəsində cari ilin mart-aprel aylarında planlaşdırılan bir sıra tədbirlərin həyata keçirilməsi mümkün olmayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.