İQTİSADİYYAT


Azərbaycan ICAO-nun prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib

Bakı, 2 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti Kanadanın Monreal şəhərində keçirilmiş “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın imzalanması və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yaranmasının 75 illiyinə həsr edilmiş Dünya Forumunda və ICAO Assambleyasının 40-cı sessiyasında iştirak edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Assambleyaya ICAO -ya üzv olan 193 dövlətdən 184-ü və 70 beynəlxalq təşkilat qatılıb. Forumda və sessiyanın gedişində uçuşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində tətbiq olunan innovasiyalar müzakirə edilib, müxtəlif komitələrdə aviasiya sahəsinin təhlükəsizliyinin təmini ilə bağlı yeni sənədlər qəbul olunub. Beynəlxalq standartlara uyğunluq faizini bütün dövlətlərdə daha da yüksəltmək məqsədilə Azərbaycan adından assambleyaya təqdim olunan “WP-88” – İşçi sənəd” sessiyanın İcra Komitəsinin iclasında yekdilliklə qəbul edilib. Azərbaycan uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi sahəsində əldə olunmuş irəliləyişə və beynəlxalq standartların effektiv tətbiqində qazanılmış yüksək nailiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif olunub. Bu şəhadətnamə 2018-ci ilin nəticələrinə əsasən yalnız 16 dövlətə, assambleyanın sessiyası zamanı, üzv dövlətlərin və beynəlxalq təşkilatın yüksək nümayəndə heyətlərinin iştirakı ilə keçirilən açılış mərasimində təqdim olunub.

Sessiya zamanı ICAO-nun prezidenti və baş katibi ilə görüşlərdə onlara və təşkilatın muzeyinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən təşkilatın 75 illiyi münasibətilə buraxılmış marka və milli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumu olan ICAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilib. Təşkilat uçuşların, aviasiya təhlükəsizliyinin, səmərəliliyin, buraxılış qabiliyyətinin və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün zəruri olan standartları və qaydaları müəyyən edir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.