ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda “İslam və ətraf mühit” mövzusuna dair müzakirələr aparılıb

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “İslam və ətraf mühit” mövzusunda tədbir keçirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir 6 noyabr – Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamanı istismar edilməsinin qarşısının alınması gününə həsr olunub. İnstitutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənlik və qətiyyətlə davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış mühüm addımlardan biri olduğunu nəzərə çatdıran rektor bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib. Vurğulanıb ki, institut tədrislə yanaşı, maarifləndirmə işlərinə də xüsusi diqqət ayırır. Bu məqsədlə Aİİ-də müxtəlif “dəyirmi masa”lar, seminarlar, treninqlər, görüşlər keçirilir, sosial layihələr reallaşdırılır.

Tədbirdə Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “İslam və ətraf mühit” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, bəşəriyyətin müasir problemlərindən biri qlobal istiləşmə və iqlim dəyişiklikləri insan həyatına və ətraf mühitə təhdidlər yaradır.

Ə.Niyazov ekologiyanın keçmişdəki kimi, təkcə canlı varlıqların bir-birləri ilə münasibətlərini tədqiq edən elm sahəsi deyil, eyni zamanda, ətraf mühit problemləri ilə məşğul olan sahə kimi anlaşıldığını bildirib. Vurğulanıb ki, istər bioloji varlıqlara münasibət, istərsə də ekosistemin ahəngi baxımından İslam dininin bəşər övladı üçün töhfələri böyükdür. Qurani-Kərim ayələrindən və Məhəmməd Peyğəmbərin hədislərindən ətraf mühitə dair nümunələr gətirən Ə.Niyazov İbn Sina, Biruni və İbn Xəldun kimi İslam alimlərinin də müvafiq məsələ ilə bağlı fikirlərinə diqqət çəkib. Vurğulayıb ki, İslama görə, insan təbiətə hökm etməməli, təbiətin bir üzvü olaraq onunla harmoniyada öz yerini müəyyənləşdirməli və həmin qaydaya görə yaşamalıdır.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.