İQTİSADİYYAT
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının regional koordinasiya şurası yaradılacaq
Assosiasiyanın üzvlərinin sayı 34-ə çatıb
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) üzvlərin sayı 34-ə çatıb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, ANİİA cari ildə öz planlarını Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğını rəhbər tutaraq Azərbaycanda narçılığın inkişafı, “Made in Azerbaijan” brendinin dünyada tanıdılması, assosiasiyanın regional koordinasiya şurasının yaradılması, eləcə də üzvlərinin sayının artırılmasını nəzərdə tutur.
“2018-ci ildə ANİİA-nın fəaliyyəti məhsuldar keçib. Belə ki, üzvlərin sayı 2017-ci illə (28 üzv) müqayisədə artaraq 34-ə çatıb. ANİİA ötən il Berlində keçirilən “Fruit Logistika”, Moskvadakı “Worldfood Moscow”, Parisdəki “Sial Paris” sərgilərində “Made in Azerbaijan” vahid ölkə stendində təmsil olunub. Həmçinin 2018-ci ildə narçıların ümumi yığıncaqları, müxtəlif treninqlər keçirilib, assosiasiyanın üzvü olan fermerlərin məhsullarının satışı üçün maarifləndirmə işləri aparılıb, ANİİA-nın veb-saytının (www.pomegranate.az) təqdimatı olub. Assosiasiya XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində iştirak edib, stendi “Ən cazibədar stend” sertifikatına layiq görülüb”, - deyə assosiasiyadan bildirilib.