SİYASƏT
Azərbaycan Ordusunun cəbhədə göstərdiyi şücaət və qəhrəmanlıq qürurvericidir
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir. İşğalçı Ermənistanın hərbi təxribatlarına cavab olaraq qəhrəman Ordumuzun əks-hücum əməliyyatları uğurla davam edir. Cəbrayıl şəhəri də daxil olmaqla artıq bir sıra qəsəbə və kəndlərimiz işğaldan azad edilib, böyük strateji əhəmiyyəti olan Murovdağ və digər yüksəkliklər ələ keçirilib. Düşmənin çoxlu sayda canlı qüvvəsi və müxtəlif təyinatlı hərbi texnikası məhv edilib. Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət qürurvericidir. Xalqımız cəbhədən gələn qələbə xəbərlərini döyüş ruhlu çağırışlarla qarşılayaraq, çox böyük coşqu və fərəh hissi ilə Ordumuza dəstəyini ifadə edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisi deputatı Məzahir Əfəndiyev ifadə edib.
Deputat deyib: “Ermənistan nəinki hərbi cəbhədə, eyni zamanda, siyasi-diplomatik müstəvidə də məğlubiyyətə uğramaqdadır. Dövlətimizin başçısının əməli addımları, xalqa müraciətləri, nüfuzlu telekanallara müsahibələrində qətiyyətli mövqeyi qəlbi Azərbaycanla döyünən hər kəsdə ruh yüksəkliyi yaradıb.
İşğaldan azad olunan yaşayış məntəqələrimizdə dalğalanan üçrəngli bayrağımız qələbə əzmimizi bir daha özündə ehtiva edir. Xalqımız dövlətimizin başçısının apardığı ədalətli və qətiyyətli siyasətin qalib gələcəyinə inanır.
“Bu gün şanlı Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində, canı və qanı bahasına alınan kəndlərimizdə çoxdan gözlənilən tarixi ədalət bərpa olunmaqdadır. Bu baxımdan Madagiz kəndinin tarixi Suqovuşan adının bərpa edilməsi ilə bağlı qərarın bu gün Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunaraq parlamentin sabahkı iclasının gündəliyinə əlavə edilməsi dövlətimiz və xalqımızın birlikdə, həmrəy olaraq özünün yeni, şanlı tarixini yazmasına əyani sübutdur. Tarixi adlarla yanaşı, erməni separatçılarının dağıtdıqları şəhərlərimiz və ərazilərimizin infrastrukturları da bərpa ediləcək, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışına, Qarabağ torpağında çoxdan gözlənilən sülhün və əmin-amanlığın bərqərar edilməsinə nail olacağıq.
Bu gün düşmənin cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşerondakı mülkü obyektləri, evləri raket və top mərmilərindən atəşə tutaraq dağıtmasına baxmayaraq, hər kəs əmindir ki, bu Vətən müharibəsi qələbəmizlə başa çatacaq”, - deyə M.Əfəndiyev qeyd edib.