SİYASƏT
Azərbaycan Prezidenti: Ermənistan Yaxın Şərqdən insanları cəlb edir və bizim sübutumuz var
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Əl-Cəzirə” telekanalına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: “Bizdə artıq bəzi kəşfiyyat məlumatları var və bundan əlavə dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar”.