RƏSMİ XRONİKA


Azərbaycan Prezidenti İlham Əliyev Vyanada Avstriyanın Federal Kansleri Sebastian Kurts ilə görüşüb YENİLƏNİB VİDEO

Vyana, 29 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29-da Vyanada Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Federal Kansler Sebastian Kurts Prezident İlham Əliyevi qarşıladı.

Prezident İlham Əliyev və Federal Kansler Sebastian Kurts birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin Federal Kansler Sebastian Kurts ilə təkbətək görüşü oldu.

Prezident İlham Əliyev Avstriyada olmasından məmnunluğunu vurğulayaraq səfərin təşkilinə və dəvətə görə Federal Kansler Sebastian Kurtsa təşəkkürünü bildirdi və onu ölkəmizə səfərə dəvət etdi.

Ermənistanın baş naziri ilə Vyanada keçirdiyi görüş barədə Federal Kanslerə məlumat verən dövlətimizin başçısı bu görüşün təşkilinə görə də Avstriya tərəfinə minnətdarlığını ifadə etdi, Avstriyanın bu qəbildən olan görüşlərin təşkilində və keçirilməsində böyük təcrübəyə malik olduğunu söylədi. Azərbaycan ilə Avstriyanın yüksək səviyyəli siyasi əlaqələrinin mövcudluğunu diqqətə çatdıran Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Söhbət zamanı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd edildi. Həmçinin Azərbaycanda regionların iqtisadi inkişafı üzrə beşillik müddəti əhatə edən proqramın qəbul olunduğu bildirildi, bu proqram əsasında Avstriya şirkətlərinin də Azərbaycan ilə əməkdaşlıq imkanlarına toxunuldu.

Görüşdə, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrindən bəhs edildi, Avstriyanın bu münasibətlərin inkişafını dəstəklədiyi ifadə olundu. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalandığı qeyd edildi. Eyni zamanda, Avstriya ilə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın vacibliyi vurğulanaraq Avstriya şirkətlərinin Azərbaycanın regionda yaratdığı nəqliyyat infrastrukturundan faydalana biləcəyi bildirildi.

Azərbaycan Prezidentinin dəvətini məmnunluqla qəbul edən Federal Kansler Sebastian Kurts Avstriyanın ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğuladı.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin