SİYASƏT


Azərbaycan Prezidentinin qətiyyəti Cənubi Qafqazda planlaşdırılan çirkin siyasi oyunların qarşısını aldı

Bakı, 16 noyabr, AZƏRTAC

İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də bu günlərdə Fransanın səsləndirdiyi bəyanatlar sübut edir ki, Ermənistan-Azərbaycan münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməyəcəkdi. Bir daha aydın olur ki, həmsədrlərin problemi ədalətli həll etmək üçün nə məqsədi yox idi, nə də ümumiyyətlə, onlar buna çalışmırdılar.

Bu fikirləri AZƏRTAC-a politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib ki, Fransanın sərgilədiyi mövqe ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərəflik statusuna zidd olmaqla yanaşı, həm də anneksiya siyasətinə dəstək verməkdir. Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti kökündən dəyişdi. ATƏT-in Minsk qrupunun diplomatik səyi ilə deyil, məhz Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu və beləliklə, Azərbaycanın ərazi bütövlüyü təmin edildi.

Şəbnəm Həsənova qeyd edib ki, bu illər ərzində həmsədrlər münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərmədilər. Hətta indi belə həmsədr ölkə olan Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülhə və birgəyaşayışa mane olur. Bundan əlavə, münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlarla öz maraqlarını təmin etmək istiqamətində qurduqları planların baş tutmaması üçün bu dövlətlər ciddi narahat olurlar.

“Hər kəs anlamalıdır ki, Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması istər Azərbaycanın, istərsə də Ermənistanın maraqlarına uyğundur və bu missiya Cənubi Qafqazla heç bir tarixi, siyasi, iqtisadi əlaqələri olmayan ölkələri narahat etməməlidir. Artıq hərbi əməliyyatların bitməsini nəzərə almalı olan bu dairələr ultimativ ritorikadan çəkinərək Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə səsləsələr daha məqsədəuyğun olar”, - deyə politoloq bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.