Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikasının 2018-ci il
31 may tarixli Qanunu ilə
təsdiq edilmişdir
 

 Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə prokurorluq orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində peşəkarlığı ilə fərqlənən, uzun müddət qüsursuz xidmət edən prokurorluq orqanlarının əməkdaşları və veteranları, prokurorluq orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri təltif edir.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin