Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Nizamnaməsi

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (bundan sonra – Mərkəz) dövlət elmi tədqiqat təşkilatıdır.

2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

3. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malik qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir.

5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti və qüvvədə olan qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Mərkəz Bakı şəhərində yerləşir.

II. Mərkəzin məqsəd və vəzifələri

7. Mərkəzin əsas məqsədi ölkənin inkişafının müxtəlif istiqamətləri, o cümlədən geosiyasət, təhlükəsizlik, dövlət quruculuğu, regionların inkişafı, mövcud problemlərin həlli və digər mühüm sahələr üzrə elmi araşdırmaların nəticələri və proqnoz-analitik xarakterli məlumatlar ilə Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanlarının təmin edilməsindən ibarətdir.

8. Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş məqsədinə nail olmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. beynəlxalq münasibətlərin strateji aspektlərini araşdırmaq, Azərbaycan Respublikasının strateji maraqlarının, daxili və xarici siyasətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi sahəsində tədqiqatlar aparmaq;

8.2. Azərbaycan Respublikasının strateji maraqlarına uyğun olaraq, xarici dövlətlərlə münasibətlərin inkişafı sahəsində, həmçinin dövlət quruculuğu və daxili siyasət sahəsində yeni yanaşmaların axtarışlarını həyata keçirmək;

8.3. müasir dövrün qlobal çağırışlarına uyğun olaraq, ölkənin inkişaf strategiyasının təhlilini (yeni texnologiyalar, enerji təhlükəsizliyi, terrorizm, beynəlxalq maliyyə və iqtisadi sistemlər, demoqrafiya, səhiyyə və s. sahələrdə) həyata keçirmək;

8.4. Azərbaycan Respublikasının xaricdə müsbət imicinin formalaşmasını, ölkədən kənarda kütləvi informasiya vasitələrində müxtəlif materialların yayılmasını təşkil etmək;

8.5. mövcud siyasi vəziyyətə xüsusi diqqət yetirməklə ölkənin daxilində və xaricində ictimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi inkişafın elmi təhlilini həyata keçirmək, qonşu dövlətlərdəki dəyişiklikləri proqnozlaşdırmaq;

8.6. regional problemləri araşdırmaq, sərhədyanı dövlətlərlə ikitərəfli münasibətlərin vəziyyətinə dair tədqiqatlar aparmaq;

8.7. Azərbaycan cəmiyyətinin müasir vəziyyətini, onun sosial strukturunu, demokratik təsisatlarını və vətəndaş cəmiyyətinin təşəkkülünü, siyasi elitanın formalaşması və yeniləşməsi proseslərini öyrənmək və təhlil etmək;

8.8. hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf meylini təhlil etmək;

8.9. cəmiyyətin sosial-iqtisadi inkişafının proqnozlarını hazırlamaq;

8.10. ölkənin daxili və xarici siyasətinə aid məsələlər barədə əhali arasında sosioloji sorğular aparmaqla elmi cəhətdən qaydada əhalinin müxtəlif təbəqələrinin fikirlərini öyrənmək;

8.11. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının müvafiq strukturuna davamlı olaraq təhlil, tədqiqat və sorğuların nəticələrini təqdim etmək;

8.12. ölkənin müxtəlif problemlərinin, o cümlədən Dağlıq Qarabağ probleminin həllinin mümkün siyasi, ideoloji, hüquqi, iqtisadi və digər aspektlərinin elmi ekspertizasını həyata keçirmək və onların həlli yolları barədə təkliflər hazırlamaq;

8.13. ölkə daxilində və xaricində dinlərarası münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və bununla bağlı təkliflər hazırlamaq;

8.14. etnosiyasi inkişaf problemlərini, ölkə daxilində tolerantlıq mühitini, xarici dövlətlərdə yaşayan azərbaycanlılarla bağlı münasibətləri təhlil etmək, bu sahədə mümkün problemləri proqnozlaşdırmaq və onların həlli yolları barədə təkliflər hazırlamaq;

8.15. ölkənin daxili və xarici siyasətində atılan addımların genişmiqyaslı şərhini, Azərbaycan Respublikasının müxtəlif sahələrdə nailiyyətlərinin təbliğini təşkil etmək və həyata keçirmək, normativ hüquqi aktların elmi kommentariyalarını hazırlamaq;

8.16. gənclərin elmi və innovasiya fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər hazırlamaq;

8.17. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

III. Mərkəzin hüquqları

9. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. ölkədə aparılan politoloji araşdırmaları əlaqələndirmək, müxtəlif akademik institutlarda, universitetlərdə və digər elmi mərkəzlərdə tədqiqatların aparılmasının təşəbbüsçüsü və sifarişçisi kimi çıxış etmək;

9.2. səlahiyyətlərinə aid olan məsələlər barədə zəruri məlumatları və sənədləri əldə etmək üçün dövlət və yerli özünüidarə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları əldə etmək;

9.3. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada elmi-analitik jurnal, bülleten buraxmaq, internet səhifəsini yaratmaq və ondan istifadə etmək, kitablar, məqalələr nəşr etmək;

9.5. səlahiyyətlərinə aid olan məsələlər üzrə konfranslar və simpoziumlar keçirmək;

9.6. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

IV. Mərkəzin fəaliyyətinin təşkili

10. Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

11. Mərkəzin direktor müavini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

12. Mərkəzin direktoru:

12.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

12.2. müəyyən edilmiş əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin strukturunu və ştat cədvəlini müəyyən edir, ayrılmış büdcə vəsaiti daxilində xərclər smetasını və digər mənbələr hesabına əldə edilmiş vəsaitlər üzrə gəlirlər və xərclər smetasını təsdiq edir;

12.3. Mərkəzin işçilərini (elmi işçilərini Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı ilə razılaşdıraraq) vəzifəyə təyin və vəzifədən azad edir;

12.4. Mərkəzin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

12.5. qanunvericiliyə uyğun olaraq, Mərkəzin işçiləri üçün icrası məcburi olan əmr və sərəncamlar verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

12.6. Mərkəzi təmsil edir.

13. Mərkəzin işçilərinin ümumi say həddi Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

14. Mərkəzdə Mərkəzin direktorundan, onun müavinindən, elmi katibdən və ölkənin aparıcı alimlərindən ibarət Elmi şura yaradılır. Elmi şuraya Mərkəzin direktoru başçılıq edir.

15. Elmi şura haqqında Əsasnamə direktor tərəfindən təsdiq edilir.

16. Mərkəzdə aparılan müxtəlif araşdırmaları ölkə üzrə əlaqələndirmək üçün elmi qruplar yaradılır.

17. Mərkəz qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin