Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatının
ƏSASNAMƏSİ

Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanına əsasən müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərini nəzərə alaraq, onun xatirəsini əbədiləşdirmək məqsədi ilə təsis edilmişdir.

2. Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (bundan sonra – Mükafat):

ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə;

dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka;

Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə;

beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.

Bu Mükafatın verilməsi irqi, milli, dini, dil, cinsi, mənşə, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırıla bilməz.

3. Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.

4. Mükafat bir şəxsə təkrar verilmir.

II. Mükafat Komissiyasının fəaliyyətinin əsasları

5. Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da – Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir.

6. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

7. Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

8. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər.

9. Komissiyanın fəaliyyətinə onun sədri rəhbərlik edir. Komissiya aşağıdakı hüquqlara malikdir:

namizədlərin yaradıcılığını, xidmət və fəaliyyətlərini nəzərdən keçirmək;

təqdimat mərasiminin keçirilməsini təşkil etmək;

mükafatla əlaqədar kargüzarlıq işlərinin aparılması üçün Komissiyanın nəzdində üç nəfərdən ibarət katiblik yaratmaq.

10. Mükafat Komissiyası iş planına əsasən toplanır. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclas Komissiya üzvlərinin 2/3-si iştirak etdikdə səlahiyyətli hesab olunur.

Komissiyanın gördüyü işlər və apardığı müzakirələr məxfi saxlanılır.

11. Mükafatın verilməsi barədə Komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur. Komissiya üzvlərinin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda Komissiyanın qərarı qəbul olunmuş hesab edilir.

12. Komissiyanın qəbul etdiyi qərar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəsmiləşdirilir. Həmin Sərəncam kütləvi informasiya vasitələrində dərc olunur.

III. Mükafatlandırılmanın əsasları və şərtləri

13. Mükafat üzərində Heydər Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir.

14. Döş nişanı qızıldan düzəldilir. Diplom Komissiya tərəfindən tərtib olunur və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır. Döş nişanının eskiz və göstəriciləri müsabiqə yolu ilə Mükafat Komissiyası tərəfindən müəyyən olunur.

15. Mükafata layiq görülən yaradıcılıq nümunəsi, xidmət və ya fəaliyyət bir neçə şəxsin məhsuludursa, onların hər birinə ayrı-ayrı döş nişanı və diplom təqdim olunur.

16. Mükafata layiq görülmüş şəxs döş nişanını sağ döşə taxır.

17. Vəfat etmiş, yaxud ölümündən sonra Mükafatla təltif edilmiş şəxsin döş nişanı, diplomu və pul vəsaiti onun vərəsələrinə təqdim olunur, vərəsələri olmadıqda döş nişanı və diplom Komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.

18. Hər il yalnız bir Mükafat verilir.

IV. Namizədlərin irəli sürülməsi

19. Hər il oktyabr ayının sonunadək Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, yaradıcılıq təşkilatları, əvvəllər Mükafata layiq görülmüş şəxslər bu Mükafata namizəd irəli sürə bilərlər.

Bir şəxs (təşkilat) Mükafata yalnız bir namizəd təqdim edə bilər.

20. Mükafata təqdim edilən namizədlərin siyahısı mükafatların verilməsinə iki ay qalmış mətbuatda dərc olunur.

21. Sənədlər və namizədlərə dair təkliflər Komissiyaya göndərilməlidir.

V. Təqdimat mərasiminin keçirilməsi

22. Mükafat Azərbaycan Respublikasının Prezidenti, yaxud onun vəkil etdiyi digər şəxs (şəxslər) tərəfindən təntənəli və aşkarlıq şəraitində təqdim edilir.

23. Laureat və ya onun vəkil etdiyi şəxs mərasimdə şəxsən iştirak etməlidir. Laureat ölümündən sonra təltif edildiyi halda, Mükafat onun vərəsələrinə təqdim olunur.

Təqdimat mərasimində laureatın yaradıcılığı, xidmət və fəaliyyəti haqqında məlumat verilməlidir.

24. Laureat və ya onun vəkil etdiyi şəxsin qarşılanıb yerləşdirilməsi və təqdimat mərasiminə aid digər məsələlərin həlli dövlət büdcəsi hesabına həyata keçirilir.

25. Mükafatın təqdim edilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu Mükafatı təqdim etmiş şəxs imzalayır və protokola Mükafat Komissiyasının möhürü vurulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin