Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1094-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 55-2-ci hissə əlavə edilsin:

“55-2. Məcəllənin 517-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:

55-2.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından ― müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı, digər nazir müavinləri, Nazirliyin Aparatının baş idarə (idarə) rəisləri, qarnizon rəisləri, Hərbi Polis İdarəsinin rəisi, qarnizon hərbi polisinin rəisləri (qarnizonun hərbi komendantları), Nazirliyin hərbi hissə komandirləri;

55-2.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından ― bu Siyahının 62-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

55-2.3. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi adından ― fövqəladə hallar naziri, onun müavinləri, Nazirliyin Aparatının idarə rəisi, onun müavini, şöbə müdiri, onun müavini, Mülki Müdafiə Qoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunları hərbi hissələrinin komandirləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və onun müavini;

55-2.4. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adından ― Xidmətin rəisi, onun müavinləri, Xidmətin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri), Xidmətin hərbi hissələrinin komandirləri;

55-2.5. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti adından ― Xidmətin rəisi, onun müavinləri, Xidmətin Aparatının müvafiq strukturlarının rəhbərləri (rəisləri), Xidmətin hərbi hissələrinin komandirləri, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, onun müavini;

55-2.6. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti adından ― Xidmətin rəisi, onun birinci müavini, Sərhəd Qoşunlarının komandanı, Əlahiddə Sərhəd Diviziyasının komandiri, Sahil Mühafizəsinin rəisi, Çevik Hərəkət Qüvvələrinin komandanı, Sərhəd Nəzarətinin rəisi, Xidmətin Aparatının müvafiq idarələrinin rəisləri, onların müavinləri, sərhəd dəstələrinin rəisləri, Xidmətin hərbi hissələrinin komandirləri;

55-2.7. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti adından ― bu Siyahının 75-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin