RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

29 iyul 2019-cu il                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının baş məsləhətçisi Sevinc Rəhimovanın, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlı, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əzimovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdə qeyd olunur ki, S.Baxşəliyeva ilə İ.Həmzəyev 28 yanvar 1989-cu ildə nikaha daxil olmuş, birgə nikahdan 1991-ci və 1993-cü il təvəllüdlü iki övladları dünyaya gəlmişdir. 7 may 2007-ci il tarixində onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Lakin nikahın pozulmasından bir ay sonra onlar yenidən barışmış və nikahlarını təkrar qeydiyyata aldırmasalar da, 2018-ci ilin iyun ayına qədər ailə kimi faktiki bir yerdə yaşamış və birgə təsərrüfat aparmışlar. Münasibətləri təkrar pisləşdiyindən S.Baxşəliyeva 17 avqust 2018-ci il tarixində nikahın pozulması haqqında şəhadətnamə almış və 2018-ci ilin avqust ayında məhkəməyə müraciət edərək nikah dövründə əldə olunmuş ümumi birgə əmlakın bölünməsi barədə iddia qaldırmışdır. İddiaçı birgə nikah dövründə, yəni 1999-cu ildə əldə etdikləri və cavabdehin adına qeydiyyata alınmış ikiotaqlı mənzilin ½ hissəsinə onun payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı birgə nikah dövründə, 30 mart 2004-cü ildə əldə edilmiş sonuncunun adına qeydiyyata alınmış dördotaqlı evin ½ hissəsinə onun payının müəyyən edilməsinə dair qarşılıqlı iddia qaldırmışdır. İddiaçı isə Ailə Məcəlləsinin 36.9-cu və Mülki Məcəllənin 375.2-ci maddələrinə istinad edərək qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia və qarşılıqlı iddia qismən təmin edilərək hər iki evdə iddiaçının və cavabdehin ½ hissədə payları müəyyən edilmişdir.

S.Baxşəliyeva Bakı Apelyasiya Məhkəməsinə şikayət verərək birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə tətbiq edilməli olan Ailə Məcəlləsinin 36.9-cu və Mülki Məcəllənin 375.2-ci maddələrinin tətbiq edilmədiyini, Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətinin tətbiqinin zəruri olduğunun nəzərə alınmadığını və bununla da maddi hüquq normasının imperativ tələblərinin pozulduğunu göstərmişdir.

Cavabdeh İ.Həmzəyev apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə nikahları 2007-ci ildə pozulmuş, lakin onlar 2018-ci ilin iyul ayına qədər birgə yaşayaraq təsərrüfat apardıqlarına görə iddiaçının istinad etdiyi 3 illik iddia müddəti onların mübahisəsinə şamil oluna bilməz.

Bakı Apelyasiya Məhkəməsi məsələ ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmaların olduğunu nəzərə alaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Müraciətedənin qənaətinə görə, mübahisə doğuran və məhkəmə təcrübəsində fərqli yanaşmalara səbəb olan məsələ Ailə Məcəlləsinin 36.9-cu maddəsində müəyyən edilmiş nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə dair 3 illik iddia müddətinin axımının məhz hansı andan hesablanmalı olması ilə bağlıdır.

Belə ki, hüquqtətbiqetmə vəzifəsini həyata keçirən bir sıra şəxslər Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulmuş müddətin axımının ər-arvad arasında nikahın pozulması anından başlanmalı olduğunu göstərərək, hüquqi mövqelərini ailə hüquq münasibətlərinin xüsusi (sahəvi) qanunla - Ailə Məcəlləsi ilə tənzimlənməsi, həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən bu Məcəllənin ər-arvad arasında olan digər məsələlərlə yanaşı, həm də onların əmlak və qeyri-əmlak münasibətlərini tənzimləməsi, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 10.3-cü maddəsinə görə isə bərabər hüquqi qüvvəyə malik normativ hüquqi aktlar arasında ziddiyyət olduqda sahəvi normativ hüquqi aktın tətbiq olunması ilə əsaslandırırlar.

Digər mövqe isə ondan ibarətdir ki, bu müddətin axımı əks tərəfin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalı, yəni qeyd edilən iddia müddətinin axımının başlanğıc anı Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri əsasında müəyyən edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsi yalnız iddia müddətini müəyyən etmiş, həmin maddədə müddətin axımının başlanması anı təyin edilməmişdir. Qeyd olunan məsələ Mülki Məcəllənin 377.1-ci maddəsi ilə tənzimlənmişdir. Belə ki, həmin maddəyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. O da qeyd olunmalıdır ki, həmin normanın tələbinə görə, orada müəyyən olunmuş qaydalardan istisnalar yalnız Mülki Məcəllə ilə müəyyənləşdirilə bilər. Bu baxımdan Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə Mülki Məcəllənin müddətlərlə bağlı normaları arasında hər hansı ziddiyyət mövcud deyildir, ziddiyyət olmuş olsaydı belə, Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən, Mülki Məcəllənin müvafiq normaları tətbiq olunmalı idi.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün mülkiyyət hüququ və onun məhdudlaşdırılması qaydası, ər-arvadın hüquqi statusu və onların əmlak hüquqları, bununla bağlı yaranan mübahisələrin məhkəmədə baxılması qaydalarını tənzimləyən mülki və ailə qanunvericiliyinin müvafiq normalarının əlaqəli şəkildə təhlil edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin I, II və IV hissələri).

Hüquqi dövlətdə mülkiyyət hüququ toxunulmaz olmaqla, subyekti qismində bir şəxs, habelə iki və daha çox şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə qeyd edilən münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir.

Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

Ümumi mülkiyyətin birgə mülkiyyət və paylı mülkiyyət kimi növləri fərqləndirilir. Belə ki, Mülki Məcəllənin 213.2 və 213.5-ci maddələrinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

Ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir.

Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ər-arvadın nikah dövründə əldə etdikləri əmlak, bir qayda olaraq, onların birgə mülkiyyətini, yəni payları müəyyənləşdirilmədən ümumi birgə mülkiyyətini təşkil edir.

Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri).

Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

Qeyd olunmalıdır ki, ailə qanunvericiliyində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə xüsusi iddia müddətinin tətbiqinin nəzərdə tutulması vətəndaşları nikahları pozularkən ümumi əmlakdakı paylarını bölüşdürməyə təşviq etməklə mülki dövriyyənin sabitliyinin təmin edilməsinə, ər-arvadın ümumi əmlakı ilə bağlı gələcəkdə yarana biləcək çoxsaylı məhkəmə mübahisələrinin qarşısının alınmasına yönəlmişdir. Belə ki, nikahın pozulmasından sonra uzun müddət ərzində tərəflərin ümumi əmlakdakı paylarının müəyyən edilməsini və bölünməsini tələb etməməsi tədricən qarşı tərəfdə arxayınlığın, əmlakın tək mülkiyyətçisi olması fikrinin yaranmasına, nəticədə əmlak barəsində təkbaşına sərəncam verməsinə səbəb ola bilər. Bu da əmlaka dair mülkiyyət hüququna malik ərin (arvadın) hüquqlarının pozulması ilə, eləcə də mülki dövriyyənin digər iştirakçılarının (məsələn, ümumi mülkiyyətdə olan əmlakın yeni sahibi) hüquq və mənafelərinin pozulması ilə nəticələnə bilər. Ona görə də ümumi birgə mülkiyyətdəki əmlaka dair adına dövlət qeydiyyatı aparılmış ər və ya arvad özü də nikah pozularkən həmin əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması üçün digər tərəfin payının müəyyənləşdirilməsi və bölünməsi tələbi ilə çıxış etməsini gözləmədən belə təşəbbüs irəli sürməkdə maraqlı olmalıdır.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu müvafiq icra hakimiyyəti orqanı və məhkəmələr tərəfindən nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsini tövsiyə edir.

Qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunmuşdur.

Belə ki, Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

Göründüyü kimi, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir.

Ailə Məcəlləsinin 8.2-ci maddəsi imperativ olmaqla blanket xarakterli normadır. Belə normalar başqa hüquq mənbələrinə istinad etməklə konkret ictimai münasibətləri tam və ya qismən digər müvafiq qanunvericilik aktı ilə tənzimləmək məqsədini daşıyır.

Qanunverici konkret hallarda bəzi məsələlərin həllini həmin məsələ ilə bağlı ictimai münasibətləri tənzimləyən normativ hüquqi aktın özü ilə deyil, digər normativ aktla funksional əlaqədə müəyyən etməklə, hüquqi tənzimetmədə təkrarlığa yol verməni aradan qaldırmış olur. Bununla da qanunverici normayaratmada zəruri institutların funksional əlaqəsinə nail olaraq, müxtəlif aspektlərə malik hər bir ictimai münasibətin hüquqi tənzimetməsini təmin edir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin iddia müddəti ilə bağlı olduğunu nəzərə alaraq, Mülki Məcəllənin müvafiq normaları ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinin açıqlanmasını zəruri hesab edir.

İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.

Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.

Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

Göstərilən hüquqi mövqe, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.

Ailə Məcəlləsinin 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə, Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün, ilk növbədə, nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (Mülki Məcəllənin 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (Mülki Məcəllənin 375.2-ci maddəsi).

İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir.

Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 17 və 34-cü maddələrində, eləcə də Ailə Məcəlləsində öz əksini tapmış prinsiplərdən çıxış edərək əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 17-ci maddəsinin I hissəsinə müvafiq olaraq, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin I və II hissələrinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 1.4-cü maddəsində təsbit olunmuş digər mühüm prinsipə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Beləliklə, qanunvericiliyin imperativ göstərişinə görə, ailə münasibətlərinə könüllü və iradə sərbəstliyi əsasında daxil olan qadın və kişinin nikahı yalnız dövlətin müəyyən etdiyi qaydada rəsmiləşdirildikdən sonra tanınır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2010-cu il 2 noyabr tarixli Qərarı).

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulamağı vacib bilir ki, yalnız qanunvericiliyin tələbinə uyğun şəkildə bağlanmış və dövlət qeydiyyatına alınmış nikah dövlət tərəfindən tanınır və belə nikahdan irəli gələn hüquq və vəzifələr, həmçinin əmlak və şəxsi qeyri-əmlak münasibətləri qanuni nikahdan irəli gələn münasibətlər kimi dövlət tərəfindən təminat altına alınır.

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı ilə mülki və ailə qanunvericiliyinin müvafiq normalarına verilmiş şərh nəticəsində həmin normaların təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin, məhkəmə qərarlarının stabilliyinin və nüfuzunun qorunması məqsədi ilə Plenum hesab edir ki, Qərarda əks olunmuş hüquqi mövqelər onun qüvvəyə minməsindən sonra yaranan, habelə məhkəmələrin hazırda icraatında olan mübahisələrə şamil olunmalıdır.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır;

- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır.

2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunsun ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                Fərhad Abdullayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin