RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikası adından
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

6 iyul 2020-ci il  Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsi, mütəxəssislər Azərbaycan Respublikasının Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş yazılı çıxışları, ekspert Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru Mayis Əliyevin yazılı rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Azərbaycan Respublikasının Nazirlər Kabineti (bundan sonra – Nazirlər Kabineti) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 1.0.2-ci maddəsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsinin beşinci hissəsi və 15-ci maddəsi, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –“Diplomatik xidmət haqqında” Qanun) 26.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək pensiyaları hesablanarkən məcburi dövlət sosial sığortasına cəlb edilməyən vəsaitlərin nəzərə alınmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsi məqsədilə “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir. Bununla yanaşı, həmin Qanunun 23.3-cü maddəsinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əməkhaqqının 50 faizi saxlanılır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə alınan sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 15-ci maddəsinin 17-ci abzasına əsasən isə yuxarıda qeyd olunan şəxslərin xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.

Sorğuverənin qənaətinə görə, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına münasibətdə Azərbaycan Respublikasında dövlət qulluqçuları üçün müəyyən edilmiş məvacibdən daha yuxarı əməkhaqqı müvafiq xarici ölkədə sosial-iqtisadi vəziyyətin və maddi-məişət şəraitinin fərqli və spesifik xüsusiyyətləri və s. meyarlar nəzərə alınmaqla müəyyən edilmişdir. Qanunverici bu səbəbdən qeyd edilən şəxslərin əməkhaqlarını Azərbaycan Respublikasında təyin edilən əmək pensiyasının hesablanması zamanı əsas götürülən sosial sığorta haqlarının tutulmasından azad etmişdir.

Sorğu onunla əsaslandırılmışdır ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. Lakin məhkəmələr tərəfindən bir çox hallarda məsələyə fərqli mövqedən yanaşılaraq rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əmək pensiyalarının xarici ölkədə aldıqları əməkhaqqı əsasında hesablanması ilə bağlı iddiaları təmin edilir və bu qərarlar sosial sığorta haqlarından azadolmanın həmin şəxslərin iradəsindən asılı olmadan qanunvericiliyin tələblərindən irəli gəlməsi ilə əsaslandırılır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 38-ci maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin sosial təminat hüququ vardır.

Sosial təminat dövlətin sosial funksiyası ilə bağlıdır və əsasən özünü saxlamaq qabiliyyəti olmayan, sosial müdafiəyə ehtiyacı olan şəxsə öz yaşayışını təmin etmək üçün dövlət tərəfindən müəyyən məbləğdə pul vəsaitinin ödənilməsində və ya digər güzəştlərin verilməsində ifadə olunur.

Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin III hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir.

Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddənin məzmunundan göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

“Əmək pensiyaları haqqında” Qanunun bir çox normaları ilə sosial sığorta sahəsində yaranan münasibətləri, sosial sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını tənzimləyən “Sosial sığorta haqqında” Qanunda nəzərdə tutulmuş anlayışlar bir-birilə bağlıdır.

Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir. “Sosial sığorta haqqında” Qanunun 3-cü maddəsinə əsasən, sosial sığorta subyektlərinin hüquq bərabərliyi və dövlət sosial sığortasının məcburiliyi sosial sığortanın əsas prinsipləri kimi müəyyən edilmişdir.

Ümumiyyətlə, sosial sığorta dedikdə, qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması nəzərdə tutulur və onun məcburi dövlət sosial sığortası və könüllü sosial sığorta formaları fərqləndirilir. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilir.

Sığortaolunanların pensiya hüququ sosial sığorta hadisəsinin baş verməsi nəticəsində yaranır. Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Məcburi dövlət sosial sığortası qanunda nəzərdə tutulan sığorta hadisələri üzrə tətbiq edilir.

Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən biri sığortaolunanın sığorta stajının olmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsində də sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti kimi müəyyən edilmişdir. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur.

Göründüyü kimi, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir.

Sığortalamaya görə sığortaçıya verilən pul vəsaiti olan məcburi dövlət sosial sığorta haqqı müəyyən gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır. “Sosial sığorta haqqında” Qanunun 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir.

Beləliklə, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir.

Lakin qanunverici bir sıra gəlir növlərinin spesifik xüsusiyyətlərini, onların bəzən birdəfəlik ödəmə şəklində olmasını və ya müvəqqəti xarakter daşımasını, yaxud müəyyən şəraitə uyğun olaraq ödənilməsini və s. halları nəzərə alaraq sosial sığorta haqqı hesablanmayan gəlir növlərini müəyyən etmişdir.

Qeyd olunduğu kimi, belə gəlir növlərindən biri də “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqıdır. Bu şəxslərin əməyinin ödənilməsi, habelə maddi və maliyyə təminatı olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla həyata keçirilir. Eləcə də, həmin Qanunun 26.1-ci maddəsinə uyğun olaraq, diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin pensiya təminatı və sosial müdafiəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sorğuda qaldırılan məsələ ilə bağlı məhz həmin şəxslərə münasibətdə məcburi dövlət sosial sığortasının tətbiq edilməsinə dair qanunvericinin mövqeyini əks etdirən bir sıra hüquqi normalar nəzərdən keçirilməlidir.

“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsində məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddədə rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sırasına aid edilməmişdir.

Digər tərəfdən, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növləri sadalanmışdır. Həmin maddə ilə də rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir.

Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajına daxil edilən digər dövrlərin siyahısı həmin Qanunun 21-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən siyahıda isə rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə əməkhaqqı aldığı dövrlər nəzərdə tutulmamışdır.

Qeyd edilən hüquq normalarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir.

Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir.

Lakin göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əməkhaqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Vətəndaşların pensiya təminatı haqqında” Qanun) məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Qanunun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əməkhaqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alına bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu, eyni zamanda, hesab edir ki, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və Konstitusiyanın 12-ci maddəsinin tələblərinə uyğun olaraq layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə həmin şəxslərə pensiya təyin edilməsi zamanı əsas götürülən gəlirlər yenidən nəzərdən keçirilməli və onların pensiya təminatı ilə bağlı məsələlər gələcəkdə qanunvericilik qaydasında tənzimlənərək öz həllini tapmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2 və 21-ci maddələrinin, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8, 12 və 15-ci maddələrinin, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin tələblərinə uyğun olaraq, rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əməkhaqqından sosial sığorta ödənişləri həyata keçirilmədiyindən və onların xarici ölkədə əməkhaqqı aldığı dövrlər sosial sığorta stajına daxil edilmədiyindən, əmək pensiyalarının hesablanması zamanı həmin gəlirlər nəzərə alınmır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr      Fərhad Abdullayev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin