Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin II və III hissələrinə əsasən bələdiyyələr qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq yaradılır və qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən seçkilər əsasında formalaşdırılır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 210.1-ci maddəsinə əsasən yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir.

Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə görə bələdiyyələrin səlahiyyət müddəti 5 ildir, bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır.

Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən bələdiyyə seçkiləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir.

Hazırda 2014-cü il dekabrın 23-də keçirilmiş seçkilər nəticəsində formalaşmış bələdiyyələrin səlahiyyət müddəti başa çatmaq üzrə olduğundan həmin bələdiyyələrə növbəti seçkilərin keçirilməsi zərurəti yaranmışdır.

Mərkəzi Seçki Komissiyası hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilərək növbəti seçkilərin 2019-cu il dekabrın 23-nə təyin edilməsi məqsədəmüvafiqdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 8-ci, 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 213-cü və 244-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilsin.

2. Ölkə üzrə bələdiyyələrin tam siyahısı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin