Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının “Diplomatik xidmətə verilən töhfəyə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311; № 10, maddə 1771; № 11, maddə 1962; № 12, I kitab, maddələr 2242, 2269; 2018, № 2, maddə 168, № 3, maddə 387, № 5, maddələr 841, 859, 874, № 6, maddə 1190) 2-ci maddəsində “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Diplomatik xidmətə verilən töhfəyə görə” medalı;”.

Maddə 2. “Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Azərbaycan Respublikasının 
2018-ci il 30 oktyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

1.0. “Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

1.0.1. diplomatik xidmət sahəsində səmərəli fəaliyyətə görə;

1.0.2. beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrin inkişafında və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə;

1.0.3. sülhün və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin təşviqinə görə;

1.0.4. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.0.5. Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında göstərilən xidmətlərə görə;

1.0.6. Azərbaycan dilinin və mədəniyyətinin təbliğinə görə;

1.0.7. xaricdə yaşayan azərbaycanlılara dəstək məqsədilə həyata keçirilmiş layihələrə görə.

Maddə 2. Təltif edən orqan

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

 

Azərbaycan Respublikasının
2018-ci il 30 oktyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikası medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Diplomatik xidmətə verilən töhfəyə görə” Azərbaycan Respublikasının medalı (bundan sonra - medal) diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfi iki çevrə ilə konturlanmışdır. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, aşağı qövs boyunca “DİPLOMATİK XİDMƏTƏ VERİLƏN TÖHFƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Yazıların arasında, sol və sağ tərəflərdə səkkizguşəli ulduz yerləşdirilmişdir.

2.2. Medalın daxili çevrəsinin mərkəzindən aşağı yer kürəsinin təsvirini əks etdirən meridianlar və paralellər təsvir edilmişdir. Yer kürəsinin təsvirinin alt hissəsindən sol və sağ tərəflərdə qövs boyunca daxili dairənin yuxarı tərəfinə doğru dəfnə yarpaqlarından ibarət çələng yerləşdirilmişdir. Yer kürəsinin təsvirinin üst tərəfində, sol və sağ tərəfdəki çələngin arasında aypara və ulduz təsvir edilmişdir. Medalın ön tərəfində bütün yazılar və təsvirlər relyefli olaraq qabarıqdır.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

3.2. Medalın arxa tərəfinin səthi hamar, yazılar isə relyefli olaraq qabarıqdır.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Xara lentin üzərində hər birinin eni 11 mm olmaqla, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən yaşıl, qırmızı və mavi rənglərdə şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin kənarlarında və Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinin arasında hər birinin eni 1 mm olan dörd qızılı şaquli zolaq təsvir edilmişdir.

4.3. Xara lentin yuxarı hissəsinə üzərində relyefli aypara, ulduz və lent təsvir edilmiş 40 mm x 5,5 mm ölçülü qızıl suyuna çəkilmiş bürünc lövhə bərkidilir.

4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə edilir. Qəlibin mərkəzinə diametri 8 mm olan, üzərində qızılı rəngdə aypara və ulduz təsvir edilmiş dairəvi lövhə bərkidilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin