Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Azərbaycan Respublikasının “Qarabağ” ordeninin təsviri

Azərbaycan Respublikasının “Qarabağ” ordeninin təsviri
Azərbaycan Respublikasının 2020-ci il
26 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının “Qarabağ” ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, yuxarı hissəsi hər iki ucu bükülmüş lent formalı, qalan hissəsi üç təbəqəli konturlanmış 41 mm x 37 mm ölçülü oval formalı lövhədən ibarətdir.

Maddə 2. Ordenin ön tərəfi

2.1. Ordenin ön tərəfində lentin mərkəzində “QARABAĞ” sözü yazılmışdır. Lövhənin daxili konturunun içərisində tünd yaşıl minalı fonda dəbilqə, iki kəsişən qılınc, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuşdur.

2.2. Lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə palıd çələngləri təsvir olunmuşdur.

2.3. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.1. Orden paltara bərkidilmək üçün elementi olan 52 mm x 15 mm ölçülü tünd yaşıl minalı bükülmüş lent formalı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir.

4.2. Lövhənin üzərində üfüqi vəziyyətdə nizələr həkk olunmuşdur. Lentin mərkəzində dairəvi lövhə yerləşdirilmişdir. Dairəvi lövhənin mərkəzindən yuxarı hissəsində üzəri xətlərlə işlənmiş ikitərəfli şüalı səkkizguşəli ulduz həkk olunmuşdur.

4.3. Dairəvi lövhənin aşağı hissəsindən yuxarıya doğru sol və sağ tərəflərdə səkkizguşəli ulduzu əhatə edən dəfnə çələngləri təsvir olunmuşdur.

4.4. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 52 mm x 10 mm ölçüdə qəlib əlavə edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin