İQTİSADİYYAT
Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını açıqlayıb YENİLƏNİB
Bakı, 14 sentyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) yeni fəaliyyət konsepsiyasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Sığortaçılar Assosiasiyasının müşahidə şurasının sədri Azər Əliyev sentyabrın 14-də keçirdiyi mətbuat konfransında yerli sığorta bazarının yeni mərhələdə dayanıqlı inkişafı üçün kifayət qədər potensial olduğunu deyib. Bildirilib ki, assosiasiya bu potensialın doğru dəyərləndirilməsi istiqamətində sığortaçılara öz dəstəyini fundamental əsaslarla təşkil edəcək: “Azərbaycanın sığorta bazarı inkişaf yolunda sağlam addımlarla irəliləyir. Doğrudur, bütün dünya iqtisadiyyatı və müxtəlif sektorlarda olduğu kimi, maliyyə institutunun əsas qolu olan sığorta sektoru da COVID-19 pandemiyasından bu və ya digər formada neqativ yöndə təsirlənib. Azərbaycanda qurulmuş sağlam iqtisadi inkişaf modeli və vaxtında həyata keçirilən priventiv tədbirlər nəticəsində sığorta bazarı daha böyük miqyaslı neqativ təsirlərdən yayına bilib. Növbəti mərhələ çox önəmlidir. İlk növbədə, pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. Azərbaycan Sığortaçılar Assosiasiyası yeni fəaliyyət konsepsiyasını məhz bu reallıqları nəzərə alaraq hazırlayıb”.
Qeyd edilib ki, yeni konsepsiya funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan bütün elementləri özündə ehtiva edib. Yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir.
A.Əliyev qeyd olunan konsepsiyasının orta və uzunmüddətli perspektivdə uğurlu nəticələrə nail ola bilməsi üçün medianın və informasiya siyasətinin önəmini və rolunu xüsusi vurğulayıb.