İDMAN
Azərbaycan Super Liqasında üçüncü dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib
Bakı, 24 fevral, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionatının doqquzuncu turunun matçları fevralın 25-də, səkkizinci turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.
Fevralın 25-də əvvəlcə meydana “Murov” və “Abşeron” komandaları çıxacaqlar. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC - “ Azərreyl” duelinə start veriləcək.
Martın 1-də keçiriləcək səkkizinci turun təxirə salınan oyunlarından sonra üçüncü dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” -“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC - “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Hər iki turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Qeyd edək ki, karantin qaydalarına uyğun olaraq oyunlara azarkeşlər buraxılmayacaq.