ELM VƏ TƏHSİL
Azərbaycan Texniki Universiteti daha 2 yeni “Erasmus+” KA2 layihəsinin icrasına başlayacaq
Bakı, 7 avqust, AZƏRTAC
Avropa İttifaqının (Aİ) “Erasmus+” proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub. Nəticələrə əsasən, 2021-2024-cü illərdə icra ediləcək altı layihənin ikisində Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi iştirak edəcək. Beləliklə, AzTU 2021-ci ildən 2 yeni “Erasmus+” KA2 layihəsinin icrasına başlayacaq.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, birinci layihə “Azərbaycanda Rektorlar Şurasının yaradılması” - ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali məktəblərin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihədə Avropadan 5 təşkilat iştirak edəcək. Azərbaycan isə AzTU da daxil olmaqla 15 ali məktəblə təmsil olunacaq. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.
AzTU-nun iştirak edəcəyi digər “Erasmus+” KA2 isə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı" - LMQS layihəsidir. Yunanıstanın Qərbi Attika Universitetinin koordinatorluğu ilə reallaşacaq layihədə Azərbaycan AzTU, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Milli Onkologiya Mərkəzi və Naxçıvan Dövlət Universiteti ilə təmsil olunur. Layihədə Rusiyanın 5, Qazaxıstanın 7 universiteti və Səhiyyə Nazirliyi də iştirak edir.