REGİONLAR
Azərbaycan Texnologiya Universitetində “Məzun Günü” və “Məzun-2022” əmək yarmarkası keçirilib
Gəncə, 1 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universitetində Məzun Günü və “Məzun-2022” əmək yarmarkası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə məzunlar universitetin həyətində ucaldılan Şəhidlər abidəsini ziyarət ediblər. Sonra Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun, eləcə də UTECA-nın əməkdaşlıq etdiyi müəssisə və təşkilatların nümayəndələri və rəhbər şəxsləri, valideynlər və məzunlar iştirak ediblər.
Rektor, professor Akif Süleymanov çıxışında qeyd edib ki, 1970-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən filial kimi əsası qoyulan və 1980-ci ildən universitet statusu alan UTECA 42-ci məzun buraxılışını qeyd edir. Akif Süleymanov məzunlara uğur, qətiyyət və əzm, öz üzərlərində daim çalışmağı arzulayaraq, gələcək karyeralarında nailiyyətlər diləyib.
Sonra tədbirin fəxri qonaqları professor-müəllim heyəti, valideynlər və məzunlar, eləcə də keçmiş məzunlar çıxış ediblər.
Universitetin ictimai həyatında aktivliyi və dərslərdə müvəffəqiyyəti ilə fərqlənən məzunlar və UTECA basketbol komandasının üzvləri universitet və əməkdaşlıq etdiyi müəssisələr tərəfindən təşəkkürnamə, fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.
Məzun Günü çərçivəsində təşkil olunan “Məzun-2022” əmək yarmarkasında Azərbaycan Texnologiya Universitetinin fəal əməkdaşlıq etdiyi 50-yə yaxın müəssisə və təşkilat vakant yerlərlə çıxış edib.
Bu il Azərbaycan Texnologiya Universitetini 615 bakalavr, 125 magistr bitirir. Yarmarkada onlarla yanaşı, UTECA-nın keçmiş məzunları da iştirak ediblər.
Tədbirdə UTECA Texnoparkının məhsulları, eləcə də dizayn ixtisası tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub.