CƏMİYYƏT
Azərbaycan Tibb Universiteti ilə Hüquq və İnsan Haqları İnstitutu arasında memorandum imzalanıb
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu arasında hüquq elminin yeni sahəsi-tibb hüququnun tələbələrin tədris proqramına daxil edilməsi üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadə memorandumun imzalanmasının hər iki qurumun gələcək inkişafı, eləcə də tibb hüququ elminin tərəqqisi baxımından əhəmiyyətli olduğunu deyib. O bildirib ki, tibb hüququnun tədris edilməsində əsas məqsəd həkim-pasiyent münasibətlərinin hüquqi əsaslarla nizamlanmasıdır. İnstitutun direktoru tibb sahəsində fəaliyyət göstərən mütəxəssislər və həkimlərin öz hüquqlarını bilmələrinin həkim-pasiyent münasibətlərinin tənzimlənməsində mühüm rolu olduğunu qeyd edib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli son zamanlar rəhbərlik etdiyi qurumda mühüm islahatların aparıldığını, bu ali məktəbdə tədris proqramlarının beynəlxalq səviyyəyə uyğunlaşdırılmasının, dünya təcrübəsinin öyrənilməsinin əsas hədəflərdən olduğunu bildirib. Tibb hüququnun öyrədilməsinin vacibliyini qeyd edən rektor bu fənnin rəhbərlik etdiyi universitetin tədris proqramına daxil edilməsinin yaxın gələcəkdə tələbələrin bilik səviyyələrinin artırılması və yüksəkixtisaslı yeni kadrların yetişdirilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
O, ATU-nun magistratura pilləsinin tədris proqramına yeni “Tibbi menecment” ixtisasının daxil edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Tədbirdə, həmçinin iki qurum arasında tibb sahəsində elm və təhsilin inteqrasiyası, birgə layihələrin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin inkişafına dair müzakirələr də aparılıb.
Sonra tərəflər arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi hüquq elmləri doktoru A.Mustafazadə və professor G.Gəraybəyli imzalayıblar.
Memorandumda hüquq və insan haqları sahəsində birgə elmi əməkdaşlıq, tibb hüququ elminin inkişafı, elmi konfransların, seminarların təşkili, elmi məqalələrin və dərsliklərin nəşri, həmçinin tibb hüququ sahəsində milli qanunvericilik üçün layihə və təkliflərin işlənib hazırlanması, fiziki imkanları məhdud olan şəxslərin təlimi, inklüziv təhsil metodologiyasının inkişafı sahəsində təkliflərin hazırlanması əksini tapır.