ELM VƏ TƏHSİL
Azərbaycan Universitetinin “Çağlayan” jurnalının altıncı nömrəsində...
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Universitetinin ildə iki dəfə nəşr olunan korporativ icmal jurnalı “Çağlayan”ın altıncı nömrəsi çapdan çıxıb. Jurnal universitetin son 6 aydakı fəaliyyətini əhatə edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Çağlayan” ali məktəbin həyatının müxtəlif məqamlarını və elmi fəaliyyəti əks etdirməklə yanaşı, özəl rubrika və müsahibələr də təqdim edir. Oxucular bu nömrədə filologiya üzrə elmlər doktoru, professor Qorxmaz Quliyevin maraqlı müsahibəsi il tanış olacaqlar. Müsahibədə qloballaşmanın Azərbaycan ədəbiyyatına təsiri, ədəbi prosesin struktur xüsusiyyəti, ölkəmizdə Qərb ədəbiyyatının tədrisi, müasir ədəbi-bədii fikrin əsas problemləri kimi məsələlərə aydınlıq gətirilir.
“Milli-mədəni irsimiz” səhifəsində Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Herbari laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani Xarı bülbül çiçəyi haqqında məlumat verir.
“Məzunlarımız” səhifəsində Azərbaycan Universitetinin məzunları Orxan Aslanlı, Sevinc Eyvazova, İntiqam Yaşar və Məltəm Cahangirzadənin uğur hekayələri ilə tanış olmaq mümkündür.
Jurnal elektron formada Azərbaycan Universitetinin saytında da yerləşdirilib.