REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə mühüm yer tutur VİDEO
Sumqayıt, 26 may, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıtdakı “28 May” Mədəniyyət Evində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolundan bəhs edən videoçarx nümayiş olunub.
Rayon icra hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva məruzəsində Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yer tutduğunu deyib. Bildirib ki, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb.
Qeyd edilib ki, Azərbaycanın ən yeni tarixinin banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Xalq Cümhuriyyəti haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır. Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında yer tutur. Bu gün məhz ölkə rəhbərinin uğurlu siyasəti nəticəsində dövlətimiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxıb, regionun lider dövlətinə çevrilib.
Tədbir bayram konsert proqramı ilə davam etdirilib.