REGİONLAR
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin parlaq səhifələrindən biridir
Ağsu, 26 may, AZƏRTAC
Xalqımızın dövlətçilik tarixində mühüm yer tutan, onun parlaq və şərəfli səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü - Respublika Günü Ağsuda təntənəli şəkildə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ulu Öndərin adını daşıyan parkda müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaq dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəblilər Respublika Gününə həsr olunan şeirlər söyləyiblər.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və digər çıxış edənlər gərgin və mürəkkəb tarixi şəraitdə yaradılan, cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli oyanışının məntiqi nəticəsi olduğunu, qısa zamanda böyük işlər görüldüyünü diqqətə çatdırıblar. Vurğulanıb ki, həmin dövrdə milli dövlətçilik atributları yaradılıb və digər böyük nailiyyətlər əldə olunub.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın “Şərqdə ilk parlamentli respublika” mövzusunda məruzəsi dinlənilib.
Məruzə və çıxışlarda Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamının böyük əhəmiyyətindən bəhs olunub, bu tarixi hadisənin layiqincə qiymətləndirildiyi vurğulanıb.
Qeyd olunub ki, ötən əsrin axırlarında Azərbaycanda dövlət müstəqilliyinin bərpasından, xüsusilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xalq Cümhuriyyətinin həyata keçirməyə imkan tapmadığı milli dövlət quruculuğu ideyalarını bütünlüklə reallaşdırmaq mümkün oldu. Bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru inamla irəliləyir.
Daha sonra rayon mədəniyyət sarayında böyük bayram konserti olub.