CÜMHURİYYƏT - 100


Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Vyetnamda da qeyd olunub VİDEO

Bakı, 29 may, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Vyetnamın paytaxtı Hanoyda rəsmi qəbul keçirilib.

Tədbirdə Vyetnam parlamenti sədrinin müavini Vonq Çu Lu, Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, parlamentin, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycan təhsil ocaqlarının vyetnamlı məzunları, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin və Vyetnamda məskunlaşan müxtəlif icmaların nümayəndələri iştirak edib.

Ölkəmizin Hanoydakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycanın və Vyetnamın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Anar İmanov müsəlman Şərqində ilk parlamentli respublikası olan dövlət Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu bildirib.

O, Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın mütərəqqi demokratik dəyərlərini Şərqin zəngin mədəni irsi ilə birləşdirən ilk dövlət olduğunu deyib, 100 il bundan əvvəl mövcud çətin şəraitdə ölkəmizin o zaman üçün ən qabaqcıl demokratik idarəçilik formasını seçdiyini qeyd edib. “İstiqlal Bəyannaməsi”ndə cümhuriyyətin demokratiya, dünyəvilik və parlament respublikasının prinsiplərinə daim sadiq qalacağı bəyan edilib, həmçinin İslam aləmində ilk dəfə və bir sıra Qərb ölkələrindən də əvvəl qadınlara səsvermə hüququnun verilib.

Bugünkü müstəqil Azərbaycanın Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu qeyd edən səfir A.İmanov 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi böyük uğurlara imza atdığını diqqətə çatdırıb. Ölkəmizin irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri həyata keçirilməsi sayəsində müxtəlif sahələrdə böyük uğurlar qazandığı bildirilib. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hazırda Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib.

Qeyd edilib ki, müstəqilliyin ilk illərində Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisinin bir hissəsi işğalı olunub. BMT Təhlükəsizlik Şurası və bir sıra beynəlxalq təşkilatların bu işğalı pisləyən və işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin tələbləri bu günədək yerinə yetirilməyib

Səfir A.İmanov Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin aktiv şəkildə inkişaf etdiyini və müxtəlif formatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndiyini bildirib. O deyib: “İki ölkənin hakim partiyaları arasında sıx əməkdaşlıq qurulub, parlamentlərarası əməkdaşlıq fəal inkişaf edir, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası uğurla fəaliyyət göstərir. Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyası iki ölkə arasında xalq diplomatiyasının möhkəmləndirilməsinə böyük töhfələr verir”.

Vyetnam xarici işlər nazirinin köməkçisi Nquyen Van Thao əlamətdar hadisə münasibətilə Vyetnam hökuməti adından Azərbaycan Prezident və xalqını təbrik edib. O, Vyetnamın Azərbaycan xalqının yaxın dostu olaraq ölkəmizin əldə etdiyi böyük nailiyyətlərin şahidi olmaqdan məmnunluq hissi keçirdiyini söyləyib, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında insanların həyat səviyyəsini yüksəldilməsi və beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirilməsi istiqamətində Azərbaycan xalqının bütün sahələrdə daha çox nailiyyətlər qazanmağa davam edəcəyinə əminliyini bildirib.

Nquyen Van Thao xalqlarımız arasında dostluq əlaqələrinin təməlini Vyetnam keçmiş Prezidenti Xo Şi Min və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qoyduğunu deyib. O, həmçinin Azərbaycan xalqının göstərdiyi təmənnasız kömək və dəstəyə görə Vyetnam xalqının dərin hörmət və minnətdarlığı ifadə edərək deyib: “Minlərlə vyetnamlı Azərbaycan təhsil ocaqlarından məzun olaraq ölkənin bugünkü nailiyyətlərinin əldə olunmasına mühüm töhfələr veriblər. Vyetnamın yaşadığı ən mürəkkəb dövrlərdə Azərbaycandan yüzlərlə mütəxəssis öz köməyini əsirgəməyib”.

Vyetnam rəsmisi ölkələrimiz arasında möhkəmləndirilən səmimi münasibətlərin hazırki çoxtərəfli əməkdaşlığın daimi dinamik inkişafı üçün sabit təməl təşkil etdiyini bildirib. O, həmçinin bütün səviyyəli nümayəndə heyətlərinin müntəzəm mübadiləsi ilə iki ölkə arasındakı münasibətlərin bütün spektri üzrə əməkdaşlığın, o cümlədən siyasi əlaqələrin davamlı şəkildə gücləndiyini xüsusi qeyd edib.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətini və müasir Azərbaycanın inkişafına aid şəkillərdən ibarət sərgi təşkil olunub.

Rəsmi qəbul milli mətbəx nümunələrindən ibarət ziyafətlə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.