ELM VƏ TƏHSİL
Azərbaycan alimləri süni intellektə dair tədqiqatların miqyasını genişləndiriblər
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan elmi dünya elminin ümumi üzvi tərkib hissəsidir. Buna görə də beynəlxalq elmi təşkilatlarla əlaqələr yaratmaq istiqamətində təşəbbüslər göstərilir. AMEA Beynəlxalq Dünya Elmlər Akademiyasının, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının, Avrasiya Universitetlər Birliyinin səsvermə hüququna malik olan üzvü seçilib.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın 2022-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son aylarda Türkiyə Elmlər Akademiyası, Türkiyə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Pakistanın və Özbəkistanın elm və ali təhsil qurumları ilə imzalanmış müqavilələr Azərbaycan Milli Elmlər Akademiyasının dünya elminə inteqrasiyasına doğru atılmış yeni addımlardır: "Gənc alimlərin elmi fəaliyyətlə daha səmərəli şəkildə məşğul olmalarını təmin etmək məqsədilə AMEA üzrə Gənclər mükafatı təsis edilib. “Gənc tədqiqatçı” jurnalının il ərzində 4 dəfə nəşr olunması və jurnalın 1 sayının ingilis dilində çıxması üçün tədbirlər müəyyənləşdirilib. 40 yaşına qədər elmlər doktorlarının hazırlanmasının təşviq edilməsi də günümüzün əsas mövzularındandır. Azərbaycan alimləri 2022-ci ildə IV Sənaye inqilabının əsas çağırışlarından olan süni intellektə dair tədqiqatların miqyasını bir qədər də genişləndiriblər. Təbiət və dəqiq elmlərlə yanaşı, humanitar və ictimai elmlər sahəsində də süni intellektə həsr edilmiş tədqiqatlar aparılıb. 2022-ci ildə rəqəmsal inkişaf, topoloji izolyatorlar, yüksək enerjilər fizikası, kompüter dilçiliyi, riyazi modelləşdirmə, innovativ idarəçilik texnologiyası, antropologiya, Zəngəzur folkloru, postkonflikt ərazilərdə iqtisadiyyatın bərpa edilməsi problemlərinin, yeni dünya nizamında qlobal transformasiyaların araşdırılması və təkliflərin hazırlanması əhəmiyyətli addımlardır. “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın, “Azərbaycan Respublikasının tarixi” adlı üçcildliyinin və “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin 7 cildinin nəşr olunması mühüm nəticələrdəndir”.