İDMAN
Azərbaycan avarçəkənlərinin “Rio-2016”nın yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov cütlüyünün yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. Son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib. Böyük britaniyalı Conatan Uolton - Con Kollinz, bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç cütlükləri ilk üç yerin sahibi kimi yarımfinala adlayıblar.
Azərbaycan Milli Avarçəkmə Federasiyasından AZƏRTAC-a bildiriblər ki, A.Aleksandrov - B.Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi italiyalı Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.
Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk üçlüyə düşənlər finala yüksələcəklər.