İQTİSADİYYAT


Azərbaycan dəmiryolçuları Moskvada nəqliyyat və logistika sərgisində iştirak edirlər

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan dəmiryolçuları Moskvada nəqliyyat və logistika sərgisində iştirak edirlər.

“ADY Ekspres”dən AZƏRTAC-a bildirilib ki, Moskvada “TransRussia-2021” 25-ci Beynəlxalq nəqliyyat–logistika və nəqliyyat texnologiyaları sərgisi işinə başlayıb. Aprelin 12-dən 14-dək davam edən bu sərgi Avropada ən iri nəqliyyat sərgiləri sırasındadır. Dünyada pandemiya dövrü davam etdiyinə baxmayaraq bu il sərgiyə 23 ölkədən 218 şirkət qatılıb. Tədbirdə dəmir yolu sahəsində çalışan dövlət şirkətləri, beynəlxalq korporasiyalar, yükdaşımalar və logistik kompaniyalar öz xidmətlərini təqdim edirlər.

Sərgidə “Azərbaycan Dəmir Yolları” QSC, “ADY Ekspres” və “ADY Konteyner” şirkətləri birgə stendlə çıxış edirlər. Azərbaycanın stendi sərgi iştirakçılarının marağına səbəb olub. Onlara ölkəmizin tranzit imkanları barədə ətraflı məlumat verilib. Azərbaycan dəmiryolçuları, 44 günlük müharibədən sonra bölgədə yaranan yeni nəqliyyat-kommunikasiya konsepsiyanı, ölkəmizin artan tranzit imkanları və yükdaşımaları asanlaşdırmaq üçün artan imkanlarımızı sərgiləyirlər.

Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub”, “Cənub-Qərb”, “Şərq–Qərb” və “Şimal-Qərb” kimi nəqliyyat dəhlizləri, Bakı–Tbilisi–Qars dəmir yolu, Astara (Azərbaycan)–Astara(İran) dəmir yolu xətti, İran Astarasındakı terminal və ölkəmizdə həyata keçirilən yeni infrastruktur layihələrinin imkanları və üstünlükləri, barədə ətraflı məlumat verilib. Müzakirələr zamanı, Azərbaycan ərazisindən keçən dəmir yolları vasitəsilə yüklərin daşınması diqqət mərkəzində olub.

Təmsilçilərimiz ölkəmizdə tranzit yükdaşımaları sahəsində görülən işlər, əldə olunmuş nailiyyətlər, reallaşdırılan iri infrastruktur layihələri, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin üstünlüklərini təqdim edib və bu marşrutlara əlavə yüklərin cəlb olunması üçün yeni tərəfdaşlar qazanıblar.

Qeyd edək ki, sərgi meydanlarının ümumi sahəsi 15 min kvadratmetr təşkil edən 25-ci beynəlxalq nəqliyyat, logistika və nəqliyyat texnologiyaları sərgisinin işində müxtəlif ölkələrdən 10 minədək mütəxəssis iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.