SİYASƏT
Azərbaycan diaspor təşkilatları ilə Avropa Parlamenti üzvlərinin əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 23 noyabr, AZƏRTAC
Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndə heyəti Avropa Parlamentinin üzvləri - Sloveniyadan olan İvo Vayql, latviyalı İveta Qriqule, Rumıniyanı təmsil edən Norika Nikolai ilə görüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hər bir deputatla Avropa Parlamentinin binasında ayrı-ayrılıqda keçirilən görüşlərdə Azərbaycan həqiqətləri, Avropa İttifaqı ölkələrindəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, bu dövlətlərin ərazisində yaşayan və işləyən soydaşlarımızın vəziyyəti və digər məsələlərə dair müzakirələr aparılıb.
Görüşlərdə Avropa Parlamentinin deputatlarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri, münaqişənin nəticələri, nizamlama prosesindəki mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib, problemin təkcə Azərbaycanın deyil, bütün bölgənin təhlükəsizliyinə təhdid olduğu vurğulanıb. Avropa Parlamentinin timsalında beynəlxalq qurumları münaqişənin həlli bağlı fəallıq göstərməyə çağıran AAK üzvləri bu istiqamətdə Azərbaycan diaspor təşkilatları ilə Avropa Parlamenti üzvlərinin əməkdaşlıq perspektivlərini də geniş müzakirə edib.
Avropa Parlamentinin nümayəndələri Azərbaycanın diaspor təşkilatları ilə əlaqələrin yaxşılaşdırılmasında maraqlı olduqlarını deyiblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacağına əminlik ifadə ediblər.
Görüşdə AAK İcraiyyə Komitəsinin üzvləri - AAK prezidenti Sahil Qasımov, AAK-ın vitse-prezidenti Rövşən Tağıyev, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Murad, təşkilatın sədr müavini Arzu Oqtay və Sevil Aslanova iştirak ediblər.