ELM VƏ TƏHSİL
Azərbaycan elminin gələcək inkişafı gənc kadrlardan asılıdır
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi müəssisənin direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli Azərbaycan elminin gələcək inkişafının gənc kadrların potensialından asılı olduğunu, AMEA-da gənclərin inkişafı üçün bütün şəraitin yaradıldığını deyib. Alim əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən bəhs edib.
Elm Tarixi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Röya Mirzəbəyova müəssisənin gənc alimlərinin elmi fəaliyyətlərində və ictimai işlərdə əldə etdikləri uğurlardan danışıb. Şuranın üzvləri Aynurə Kərimova, Aysel Bədəlova və Solmaz Namazova çıxış edərək tədbir iştirakçılarını Gənclər Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.