CƏMİYYƏT
Azərbaycan əsgərinə yazılan məktublar ölkəmizin Ankaradakı səfirliyinə təqdim olunub VİDEO
Ankara, 30 dekabr, AZƏRTAC
Türkiyənin keçirilən “Can Azərbaycana bir məktubum var” kampaniyası çərçivəsində toplanan məktublar Azərbaycanın Türkiyədəki səfirliyinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Türkiyədə fəaliyyət göstərən Müharibə Qurbanı Qazilər, Şəhid, Dul və Yetimlər Dərnəyinin Kastamonu şöbəsinin sədri Berat Satıoğlunun başçılıq etdiyi heyət səfirlikdə olub.
Səfirliyin əməkdaşlari ilə keçirilən görüşdə tarixi köklərə və mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun tarixi Zəfəri hər iki xalqın qürur və iftixar mənbəyi kimi dəyərləndirilib.
Sonra Kastamonu valisi, şəhid qardaşı Avni Çakır, Kastamonu bələdiyyəsinin sədri Rəhmi Qalib Vidinlioğlunun məktubları ayrı-ayrılıqda səfirliyə təqdim olunub.
Şəhid valideynləri Əhməd və Zəhra Yatkınlar Azərbaycan əsgərinin şərəfli missiyasını böyük sevgi ilə qarşıladıqlarını, yazdıqları məktublarda xalqımıza tükənməz məhəbbətlərini tərənnüm etdiklərini vurğulayıblar.
Türkiyədə yaşayan və çalışan Azərbaycanın Xalq artisti Azərinə Müharibə Qurbanı Qazilər, Şəhid, Dul və Yetimlər Dərnəyi adından xatirə plaket təqdim edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara