ELM VƏ TƏHSİL
Azərbaycan haqqında italyan dilində nəşr olunan ilk kitablar təqdim edilib
Bakı,13 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin italyan dili mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-İtaliya: siyasi, mədəni aspektlər” mövzusunda seminar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin xarici vətəndaşlarla iş və protokol xidmətinin müdiri Anar Bağırov qonaqları seminar iştirakçılarına təqdim edib, onları universitetdə görməkdən məmnunluğunu bildirib.
Daha sonra “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti İtaliya ilə Azərbaycan arasındakı ictimai-siyasi və mədəni əlaqələr barədə məlumat verib. O, Azərbaycan haqqında italyan dilində nəşr olunan ilk kitabları təqdim edib və Azərbaycan dilindən birbaşa italyan dilinə tərcümə sənətinin inkişafının zəruriliyindən söz açıb. Qonaq ADU-nun rektoru, akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanını italyan dilinə tərcümə etdiyini diqqətə çatdırıb, həmçinin bu romanın italyandilli auditoriya üçün Azərbaycan xalqının qədim və zəngin tarixi ilə bağlı dolğun fikir formalaşdırmaq baxımından dəyərli mənbə olduğunu bildirib.
İtaliyalı memar Laura Peretti “Memarlıq dili” mövzusunda mühazirə ilə çıxış edib. O, memarlığın insan dili kimi öz qaydalarının olduğunu və xalqlar arasında ünsiyyət vasitəsi rolunu oynadığını deyib: “Hər bir memarlıq abidəsini xalqın multikulturalizm göstəricisi kimi qəbul etmək olar. Memarlığın da öz lüğəti və özünü ifadəetmə növləri var. Dünyadakı dillər kimi memarlıqda da müxtəlif üslubları müşahidə etmək mümkündür”.
Sonda italiyalı qonaqlar tələbələri maraqlandıran sualları cavablandırıblar.