SİYASƏT


Azərbaycan ilə ABŞ arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib

Bakı, 4 dekabr, AZƏRTAC 

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Zakir Həsənov ölkələrimiz arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.

Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən general-polkovnik Z.Həsənov Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.

L.Kuper ABŞ hökumətinin Azərbaycan ilə təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, “Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.

Qonaq ölkəmizin terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.