SİYASƏT
Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 24-də ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin təşkilatın Bakı layihə əlaqələndiricisi ofisi tərəfindən təqdim olunmuş layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov ATƏT-in baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu imzalanıb.