İQTİSADİYYAT
Azərbaycan ilə Fransa arasında aqrar sahədə innovasiyaların tətbiqi üzrə əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
Paris, 27 oktyabr, AZƏRTAC
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyətinin Fransaya rəsmi səfəri çərçivəsində nazirliyin innovasiyalar üzrə mütəxəssisləri də bu ölkədə səfərdə olub.
AZƏRTAC xəbər verir ki, nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və aqrar innovasiyalar üzrə nümayəndələr SİAL sərgisi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçiriblər.
İnnovasiyalar sahəsini təmsil edən nümayəndə heyəti digər ölkələrdən olan həmkarları ilə bazarlardakı yeni trendlər və innovativ həllər haqqında fikir mübadiləsi aparıblar.
Startapların innovativ məhsul və xidmətlərini nümayiş etdirən “Gələcəyin Laboratoriyası”nda, SİAL sərgi salonunun innovasiyalara həsr edilmiş məkanında müxtəlif şirkətlərin innovativ məhsullarının nümayişinə baxış keçirilib. Nümayəndə heyətinin üzvləri yeni ideyalarla tanış olub, startap komandaları ilə müzakirələr aparıblar.
Sərgi-konfrans çərçivəsində yeni ideya sahiblərinin investorlara və digər maraqlı tərəflərə məhsul və xidmətləri barədə məlumat verməsi üçün Startup Pitch tədbirləri təşkil olunub.
Nazirliyin nümayəndələri yeni trendlər, innovasiyaların təsərrüfata və qida sənayesinə təsiri barədə “Ərzaq trendləri”, “Yeni ehtiyaclar üçün innovasiyalar”, “Məhsul istehlakı, uğur hekayələri” kimi seminar və görüşlərdə iştirak edərək, son aylarda ölkəmizdə bu sahədə aparılan islahatlar barədə məlumat veriblər.
Kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova Fransada aqrar innovasiyalar üzrə fəaliyyət göstərən təşkilat və şirkətlərlə də görüşlər keçirib.
Elm və texnologiya üzrə Milli Tədqiqat İnstitutunun (IRSTEA) nümayəndələri ilə kənd təsərrüfatının müasirləşməsi, innovasiyaların stimullaşdırılması, tədqiqatlar, elm-təhsil və real biznes əlaqələrinin qurulmasında dövlətin rolu müzakirə edilib.
“Agtech” startap inkubatorunu təmsil edən özəl sektor nümayəndələri ilə də fikir mübadiləsi aparılıb.
Avropada aqribotlar üzrə nüfuzlu “Vitirover” şirkətinin icraçı direktoru Arno dö la Fuşardiyer ilə görüşdə şirkətin uzun müddət apardığı araşdırmalar nəticəsində əldə olunan, günəş enerjisi ilə fəaliyyət göstərən, pestisidlərin istifadəsini minimuma endirərək məhsuldarlığı artıran və fermerlərin işini asanlaşdıran texnologiyalar barədə müzakirələr keçirilib. Ölkəmizdə oxşar təcrübələrin reallaşdırılması üçün zəmin yaradılmasına, məlumatlandırma və elmin bu nailiyyətlərinə önəm verildiyi diqqətə çatdırılıb.
“ValuerTech” startap şirkətinin icraçı direktoru ilə aqrar sahədə texnologiya və yeni həllərin tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılaraq, bu həllərin aqrar sahəyə və fermerlərin həyatına gətirdiyi üstünlüklərdən danışılıb.
Qeyd edək ki, “SİAL İnnovation Award 2018” tədbiri çərçivəsində Azərbaycan şirkətlərinin “Nardan şərab” və “Qurudulmuş və yarı qurudulmuş məhsullar”ı SİAL İnnovasiyalar mükafatına layiq görülüb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris