SİYASƏT


Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Tbilisi, 17 iyun, AZƏRTAC

Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri David Qabaidze ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, Baş konsul öncə Acarıstanda turizm mövsümünün rəsmi açılışı münasibətilə gürcü xalqını təbrik edib, uğurlu turizm mövsümü arzulayıb.

P.İsmayılzadə Azərbaycanın daxili və xarici siyasəti, dost və qonşu Gürcüstan ilə ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə danışıb.

Bildirib ki, Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətləri qədim tarixə və ənənəyə malikdir. Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmalar və qəbul edilən qərarların icrası bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Diplomat ölkələrimiz arasında həyata keçirilən strateji layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmini qeyd edib.

Baş konsul 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini və ölkəmizin ərazi bütövlüyünün və bununla da, tarixi ədalətin bərpa edildiyini diqqətə çatdırıb. Bildirib ki, parlaq Qələbəyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə xalqın birliyi sayəsində nail olunub.

Ali Şuranın sədri D.Qabaidze Azərbaycan-Gürcüstan arasındakı münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimizin birgə həyata keçirdiyi qlobal enerji və nəqliyyat layihələrinin əhəmiyyətini qeyd edib.

D.Qabaidze dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib, eyni zamanda, o, Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikasının qardaşlaşmış regionlar olduğunu söyləyib, bu istiqamətdə ikitərəfli əlaqələrin inkişafından danışıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.