İQTİSADİYYAT
Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcmində artım müşahidə edilib
Tehran, 12 oktyabr AZƏRTAC
Azərbaycan ilə İran arasındakı ticarət dövriyyəsinin həcmində artım müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyinin attaşesi Məhəmməd İbrahim Tağızadə yerli mətbuata açıqlamasında deyib. O bildirib ki, cari ilin ötən dövrü ərzində İrandan Azərbaycana 170 milyon dollardan çox mal ixrac edilib. Azərbaycandan isə İrana 30 milyon dollar həcmində mal ixrac olunub.
Onun sözlərinə görə, İrandan Azərbaycana neft-kimya məhsulları, avtomobil ehtiyat hissələri, xurma, kafel, keramika, şirniyyat, plastik məhsullar, mətbəx ləvazimatı, daş, şüşə və kartof ixrac edilib.
İdxal-ixrac əməliyyatları İran ilə Azərbaycan arasındakı Poldəşt, Culfa, Biləsuvar və Astara sərhəd-keçid məntəqələri vasitəsilə həyata keçirilib. Bu məntəqələr iki ölkədə iqtisadi, ticarət və turizmin inkişafında mühüm rol oynayırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran