CƏMİYYƏT
Azərbaycan könüllüləri beynəlxalq tədbirdə ölkəmizi uğurla təmsil ediblər
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan könüllüləri beynəlxalq tədbirdə ölkəmizi uğurla təmsil ediblər.
Azərbaycan Könüllü Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Könüllülər Günü münasibətilə Moskvada keçirilən “Biz Birlikdəyik” Beynəlxalq Vətəndaş Həmrəyliyi Forumunda iştirak edən “Biganə qalma!” komandası “Vətəndaş qatqısı” nominasiyasında dünya miqyaslı “#Wearetogether” və "İlin könüllülüyü" mükafatlarına layiq görülüb. Mükafat komandanın rəhbəri Adil Abdullayevə təqdim edilib.
"Biganə qalma!" komandası 2020-ci il "Könüllülər ili"ndə İttifaq tərəfindən "Sosial könüllülük" nominasiyası üzrə "İlin könüllülüyü" mükafatına layiq görülüb. Belə ki, komanda pandemiya dövründə ehtiyacı olan 6 mindən çox ailəyə xeyriyyə məqsədilə ərzaq yardımları edib.
Bundan əlavə, Forum çərçivəsində müsabiqəyə qəbul edilən layihələrin qiymətləndirilməsi üzrə regional ekspert qismində iştirak edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü, Formula 1 könüllülərinin koordinatoru Tural Hümbətov tərəfindən “Azərbaycanda könüllülük”, “Könüllülər üçün yaradılan imkanlar” və “Könüllülərin inkişafı” mövzularında, eləcə də İttifaqın fəaliyyəti ilə bağlı təqdimatlar keçirilib. Təqdimatlarda Forum iştirakçılarına ölkəmizdə formalaşmış könüllülük modeli haqqında ətraflı məlumat verilib.