İDMAN
Azərbaycan qrossmeysteri Men adasında keçirilən turnirin gümüş mükafatçısıdır
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan qrossmeysteri Arkadi Naydiç Britaniyanın Men adasında keçirilən şahmat turnirinin gümüş mükafatını qazanıb. Turnir İsveçrə sistemi üzrə keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin yekunlarına görə, polyak Radoslav Voytaşek və Arkadi Naydiç mümkün 9 xaldan hərəyə 7 xal toplayıblar. Son turda rəqiblər öz aralarında heç-heçəyə razılaşıb və turnirin qalibi titulu uğrunda blitsdə tay-brek keçirilib. Tay-brek oyununda Arkadi Naydiçə qalib gələn polşalı qrossmeyster qızıl mükafatın sahibi olub.
Hindistanlı B.Adiban, çinli Van Hao, rusiyalı Aleksandr Qrişuk və Vladimir Kramnik, ingiltərəli Haveyn Cons, amerikalı Hikaru Nakamura və Ceffri Syun qalibdən yarım xal geridə qalıblar. Qadınların turnirində rusiyalı şahmatçı Alina Kaşlinskaya ən yüksək nəticə (6 xal) göstərib.
Britaniyada olan qaydalara görə, mükafat fondu eyni xal toplayan iştirakçılar arasında bərabər şəkildə bölünür. Beləliklə, Naydiç və Voytaşek hərəyə 25 min funt sterlinq alıblar.