İQTİSADİYYAT
Azərbaycan şirkəti Qazaxıstanda Dünya Bankının dəstəyi ilə keçirilən tenderin qalibi olub
Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycanın informasiya texnologiyaları şirkəti “Cybernet” Dünya Bankının dəstəyi ilə Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin keçirdiyi “Qazaxıstanın səhiyyə sahəsində texnologiyaların transferi və institusional islahat” layihəsi çərçivəsində tenderin qalibi olub. Bununla bağlı, Astana şəhərində müqavilə imzalanıb. Tenderdə “Cybernet” şirkətinin başçılıq etdiyi və Rusiyanın “BARS Group” şirkətinin də daxil olduğu konsorsiumla yanaşı, Portuqaliya, Slovakiya, Ukrayna, Qazaxıstan, Rusiya və digər ölkələrdən 10 şirkət iştirak edib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, sistem tamamilə Azərbaycan mütəxəssisləri tərəfindən hazırlanacaq və bir Azərbaycan məhsulu olacaq.
Şirkətin rəhbəri İlham Namazov tenderin qazanılmasını həm şirkət üçün, həm də Azərbaycanın informasiya texnologiyaları sektoru üçün önəmli addım hesab edir. ““Cybernet” şirkəti bu günə kimi bir neçə xarici ölkə üçün məhsullar hazırlayıb, amma bu məqamda şirkətimizin beynəlxalq tenderi udması əhəmiyyətli hadisədir. Neft qiymətlərinin düşməsi, dünya iqtisadiyyatı ilə yanaşı, ölkəmizdə də iqtisadi çətinliklərin olması fonunda bu uğur xüsusi məna daşıyır. Nailiyyətimiz Azərbaycanın beynəlxalq aləmdə intellektual məhsullar istehsalçısı kimi tanınmasında önəmli rol oynayacaq”, - deyə İ.Namazov bildirib.
Layihə çərçivəsində hazırlanacaq vahid avtomatlaşdırılmış sistem Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyinin işinin səmərəliliyinin artırılmasına, beynəlxalq standartların tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsinə imkan verəcək.
Xatırladaq ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən “Synergy Group”un informasiya texnologiyaları sektoruna daxil olan “Cybernet” şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində informasiya texnologiyaları xidmətləri və həlləri təklif edir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda Elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.