İQTİSADİYYAT
Azərbaycan və Əlcəzair gömrük orqanlarının əlaqələrinin perspektivləri müzakirə olunub
Bakı, 14 yanvar, AZƏRTAC
Azərbaycan və Əlcəzair gömrük orqanları arasında əlaqələrin perspektivləri müzakirə edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, müzakirələr yanvarın 14-də DGK-nın sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev ilə Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki səfiri Salima Abdelhak arasında görüş zamanı aparılıb. S.Mehdiyev Əlcəzair ilə Azərbaycan arasındakı münasibətlərindən bəhs edib və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-hücum tədbirlərindən bəhs edərək 30 ilə yaxın işğalda qalan əraziləri Azərbaycan Ordusunun 44 gün ərzində azad etdiyini bildirib. Komitə sədri onu da vurğulayıb ki, tezliklə işğal altındakı ərazilərin bərpasına başlanacaq və bu da regionun iqtisadi baxımdan inkişafı, bölgədə sabitliyin tam təmin olunması üçün əlverişli imkanlar yaradacaq.
S.Mehdiyev son illər gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verərək diqqətə çatdırıb ki, əməkdaşların potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin həyata keçirilməsi fiskal sahə ilə yanaşı, qaçaqmalçılığa qarşı mübarizə, şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb.
Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Əlcəzair ölkəmizdəki səfiri S.Abdelhak Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. Səfir Azərbaycan gömrüyünün əldə etdiyi uğurların təqdirəlayiq olduğunu, bütün sahələrdə əldə edilən nailiyyətlərlə bağlı təcrübə mübadiləsinin əməkdaşlığa, gömrük işinin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.